Xəbər verildiyi kimi, bu gün 12 beynəlxalq səviyyəli müstəqil ictimai xadimdən ibarət «Ağsaqqalar qrupu» Rusiya prezidenti Vladmir Putinlə görüşüb. Qrupa BMT-nin sabiq baş katibi Kofi Annan rəhbərlik edir (Ria Novosti).
Annan Rusiya prezidenti ilə görüşdən sonra bildirib ki, Rusiya liderinin Avropa İttifaqı və ABŞ-la birgə işləməyə hazır olduğuna inanıb.
Görüşdən sonra RİA Novosti İnformasiya Agentliyinə və RT telekanalına verdiyi müsahibədə Kofi Annan deyib: «Ukrayna problemi ilə bağlı aramızda çox açıq fikir mübadiləsi oldu. Yaxın Şərq və İraq, terrorizmin yayılması və onun qarşısının alınması istiqamətində əməkdaşlıq etməyin zəruriliyi barədə danışdıq. Əsas odur ki, mən görüşdən bu təəssüratla ayrıldım ki, Putin digərləri ilə - Avropa İttifaqı, ABŞ və digər ölkələrlə işləmək istəyir və yaşadığımız dünyanın daha da yaxşı olmasını arzulayır...»
BMT-nin sabiq baş katibi dünya problemlərinin həlli məsələsində dövlətlərin qarşılıqlı əməkdaşlığının vacibliyini xüsusi qeyd edib: «Bu gün hər şeyin bir-birindən qarşılıqlı asılı olduğu dünyada heç bir dövlət - nə qədər güclü olsa belə - təkbaşına inkişaf edə bilməz. Qarşılıqlı əməkdaşlıq vacibdir ki, dünyada və bütün ölkələr üçün təhlükəsizliyi təmin etmək mümkün olsun...»
Xatırladaq ki, «Ağsaqqalar qrupu» 2007-ci ildə Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandelanın təşəbbüsü ilə yaradılıb. K.Annandan başqa qrupa Finlandiyanın eks-prezidenti Marti Axtisaari, Əlcəzairin sabiq xarici işlər naziri Laxdar Brahimi, Norveçin sabiq baş naziri Qru Harlem Brundtland, ABŞ və Meksikanın eks-prezidentləri Cimmi Karter və Ernesto Sedilo daxildir.
AzPolitika.info


Şərhlər