Birinci dünya müharibəsi «dərsləri»ni araşdırmaq yolunda
Xəbər verilir ki, dünən Rusiyanın Ankaradakı səfirliyində təşkil olunmuş «Dəyirmi masa»da Türkiyə və Rusiya tarixçiləri bir araya gələrək, Birinci dünya müharibəsinin «dərsləri»ni müzakirə ediblər. Qərara alınıb ki, Birinci dünya müharibəsində həlak olanların məzarlıqlarının axtarılması işləri sürətləndirilsin və həlak olmuş rus əsgərləninin xatirəsinə Türkiyədə, türk əsgərlərinin xatirəsinə isə Rusiyada abidələrin qoyulması məqsədilə yerli hakimiyyət orqanlarına müraciətlər edilsin (RİA Novosti).
«Dəyirmi masa»da çıxış edən Rusiya Strateji Araşdırmalar İnstitutunun Sankt-Peterburq regional mərkəzinin rəhbəri, professr Aleksandr Kolesnikov qeyd edib ki, Birinci dünya müharibəsi zamanı Rusiya və Osmanlı imperiyaları arasındakı silahlı münaqişə sirlərlə doludur. Üstündən 100 il ötəndən sonra Rusiya və Türkiyə üçün həqiqətin axtarışı mühüm əhəmiyyət kəsb edir - məhz nə üçün iki ölkə müharibəyə cəlb olunub və bunun arxasında kimlər dayanıb?
Kolesnikov deyib ki, Rusiya və Osmanlı dövlətlərinin müharibəyə cəlb olunmasının mühüm səbəblərindən biri «Qeben»i və «Breslau» alman kreyserlərinin Qara dəniz boğazlarını keçərək, İstanbula gəlməsi olub. O illərdə Rusiya kəşfiyatının verdiyi xəbərlərdən görünür ki, alman gəmiləri Dardanel boğazını qoruyan ingilislər tərəfindən məqsədli şəkildə İstanbula buraxılıb.
Sankt-Peterburq Dövlət Universiteti beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor İrina Novikova isə öz çıxışında başqa bir mətləbə toxunub: «Rusiya və Türkiyə müharibə istəməyib. Onlar bu müharibəyə öz iradələrinin əksinə olaraq qoşulublar. Almaniya Rusiyada inqilabi xaos yaratmaq məqsədilə radikal milli hərəkatlardan və inqilabçılardan başqa, həm də müsəlman amilindən istifadə etmək cəhdləri göstərib. Bütün bunlar müasir dövrdəki «rəngli inqilab»ları və «ərəb baharı»nı xatırladır. »
«Müharibənin başlanması ilə Rusiyada yaşayan müsəlmanların çar Rusiyasına qarşı üsyana qalxacağı barədə Almaniya və Osmanlının gözləntiləri özünü doğrultmadı. Əksinə, müsəlmanlardan təşkil olunmuş «Vəhşi diviziya» və Tekin süvari alayı alman ordusuna ciddi zərbələr vurdu...» - bunu da Atılım Universitetinin dosenti Hasan Əli Karasar deyib.
AzPolitika.info


Şərhlər