“Azadlıq” qəzetinin bank hesabına qoyulan həbs götürülüb. Baş redaktorun birinci müavini Rahim Hacıyev dekabrın 26-da “Media forum” saytına deyib ki, qəzetin üstündəki məhkəmə cərimələri tam ödənib: “Bank hesabımız bu günlərdə açılıb. Gələn həftənin əvvəlində bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik”.

Rahim Hacıyev əlavə edib ki, redaksiya Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yardımını almaq üçün quruma müraciət edib.

“Azadlıq” qəzetinin üstündə Bakı metrosunun rəisi Tağı Əhmədovun və iş adamı Kəbirə Məmmədovanın məhkəmə iddiaları üzrə 65 min manat cərimə vardı. Oktyabr ayında qəzetin bank hesabları bağlanmış, satış nöqtələrindən gələn vəsait bütünlüklə cərimələrin ödənməsinə yönəldilmişdi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu buna görə qəzetə maliyyə yardımını dayandırıb.