“Yaşım o qədərdir ki, təbrik yox, gərək başsağlığı verəsən”
Xalq yazıçısı, Milli Məclisin sabiq deputatı Maqsud İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, M. İbrahimbəyov Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.Qeyd edək ki, “Əsilzadələr məclisi”nin yaradıcılarından olan M.İbrahimbəyov bir müddət öncə rəhbərlik etdiyi quruma daxil olmaq üçün yeni-yeni müraciətlərin daxil olduğunu, dünyasını dəyişən köhnələrin əvəzinə gənclərin üzvlüyə qəbul edildiyini demişdi. Adətən mətbuatla ünsiyyətə maraqlı olmayan, qardaşı Rüstəm İbrahimbəyovla bağlı isə ümumiyyətlə, danışmağı sevməyən M.İbrahimbəyovun minval.az saytı ilə söhbətini təqdim edirik.
- Maqsud bəy, “Şərəf” ordeni ilə təltif edilmisiniz, təbrik edirik.
- Çox sağ olun, minnətdaram sizə, zəhmət çəkmisiniz.
- Orden almağınız gözlənilməz olmadı ki?
- Bilirsiniz, mənə xoş söz deyiləndə təəccüb edirəm.
- Niyə?
- Elə-belə də. Dünya belədir, düzəlmir. Mən dünyanı belə görürəm.
- Hər halda, sizin də xidmətləriniz az deyil.
- Çox sağ olun, minnətdaram. Birinci növbədə də prezidentə minnətdaram.
- Bu orden yubiley mükafatı oldu da, eləmi?
- Ola bilər.
- Deyəsən, yaşınızı deyib özünüzü gözə gətirmək istəmirsiniz?
- Bilirsiniz, yaşım o qədərdir ki, təbrik yox, gərək başsağlığı verəsən. 80 yaşım oldu.
- Maşallah olsun. Cavanlığın resepti olar sizdə...
- (Gülür) Əlbəttə.
- Əsas nədir?
- Əsas odur ki, gərək dünyadan, ömürdən ləzzət alasan.
- Dünyada bu qədər stresslər var, İŞİD baş kəsir, müharibələr, qan-qadalar. Necə ləzzət almaq olar?
- Yəqin ki, bunlar olmasaydı, lap çox yaşayardım.
- Sizin nəsil uzunömürlülərdən sayılır?
- Xeyr. Atam 75 yaşında dünyasını dəyişib.
- Deməli, siz baş verənlərə laqeyd olmağa çalışırsınız...
- Yox. O, mümkün deyil. Qeyrətli adam nə təhər özünü kənarda saxlasın.
Maqsud bəy sonrakı suallarımızı isə cavablandırmaq istəmədi: “Bəsdir, qurtaraq, çox sağ olun ki, zəng etdiniz, minnətdaram. Geniş danışmaq yaxşı olardı, amma halım yoxdur”.


Şərhlər