Ölkənin enerji təchizatının bərbad vəziyyətdə olduğu ortaya çıxıb
“Azərişıq” ASC-nin sədri Baba Rzayev "Azərbaycan" qəzetinə məqalə yazıb. Məqalə “Azərişıq”ın perspektivlərinə həsr olunub. Baba Rzayev yazıb ki, ASC-də yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə başlanılıb.
Onun sözlərinə görə, bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb, texniki təchizat bazası yaradılıb: “Artıq ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi - müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşüb, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖIN) izolyasiyalı kabellərlə dəyişdirilir”.
Baba Rzayevin sözlərinə görə, bu tədbirlər abonentlərin elektrik enercisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək: “Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan əvvəl həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Həmin güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri gedir”.
Baba Rzayevin bu məqaləsi faktiki olaraq "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin "fəaliyyətinin" ifşasıdır. Maqələni oxuduqda məlum olur ki, indiyə qədər rayonlarda, kənd və qəsəbələrdə yararsız, istismar müddəti başa çatmış transformatorlardan istifadə edilib. Kabellər, ağac dayaqlar yararsız hala düşüb. Əhalinin enerji təminatı lazımı səviyyədə deyil. Bir sözlə, ölkənin enerji təchizatında ciddi problemlər var.

Məsələ ondadır ki, “Azərenerji” ASC büdcədən ən iri investisiya qoyuluşlarının yönəldildiyi bir qurumdur. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. Bundan əlavə "Azərenerji" ASC-yə dövlət zəmanəti ilə 1,5 milyard dollara yaxın xarici kreditlər cəlb edilib. Eyni zamanda «Azərenerji», xaricdən külli miqdarda qrantlar alaraq xərcləyib.
Ancaq bu da hamısı deyill. Bundan əlavə, enerji sektorunda abonentlərdən yığılan vəsaitin də böyük hissəsi «daxili tələbata» yönəldilib. Belə ki, ASC-nin öz hesabından şəbəkələrin yenidən qurulmasına 10 milyonlarla manat vəsait xərcləndiyi iddia olunub. Həmçinin, Prezidentin Ehtiyat Fondundan da enerji sektoruna 10 milyonlarla manat vəsait ayrılıb.
Qeyd edək ki, «Azərenerji» hər il istehsal olunan enerjinin 80 faizdən artığını müəssisə və əhali qrupuna satıb. Maya dəyərini çıxsaq, son 10-15 ildə «Azərenerji»nin elektrik enerji satışından bir-neçə milyard manata yaxın vəsait əldə etdiyini söyləyə bilərik. Ancaq bunun müqabilində büdcəyə ödədiyi vəsait çox cüzi olub. “Azərenerji” ölkənin əsas vergi ödəyicilərindən biri olsa da, uzun müddətdir ki, büdcə öhdəliklərini yerinə yetirə bilmir. Hətta digər dövlət qurumlarına borclarını belə vermir.
Belə ki, ötən dövrdə «Azərenerji»nin ARDNŞ-ə olan 1,6 milyard manata yaxın borcu silinib. 2014-cü ilin məlumatına görə, “Azərenerji”nin vergi borcu 700 milyon manat təşkil edib.

Operatorun vergilərin ödənilməsindən əvvəlki gəlirləri də kəskin aşağı düşüb. 2013-cü ildə bu gəlirlər 130 milyon 607 min manat təşkil etmişdisə, 2014-cü ildə həmin rəqəm 55 milyon 378 min manata enib.
Habelə “Azərenerji”nin əməliyyat fəaliyyətindən daxilolmaların həcmi 237 milyon 748 min manatdan 168 milyon 269 min manata qədər azalıb. Nəticədə şirkət 2013-cü ildə 92 milyon 110 min manat əməliyyat gəlirləri əldə etmişdisə, 2014-cü ildə 18 milyon 926 min manata qədər əməliyyat ziyanı edib.
Halbuki, 2007-ci ildə elektrik enerjisinin satış qiyməti kəskin şəkildə - 3 dəfə artırılanda məsələ belə qoyulmuşdu ki, ölkənin elektrik enerjisi operatoru nəhayət ziyanla işləməkdən xilas olsun, əməliyyat fəaliyyətindən gəlirlər əldə etsin və bu gəlirləri investisiya qoyuluşlarına yönəltsin. Beləliklə də büdcə böyük yükdən xilas olsun.

Sualı bir qədər də konkretləşdirək. Ən aşağı hasablamalar göstərir ki, bütün mənbələr hesabına son illər “Azərenerji” ASC-yə 4 milyard dollara yaxın investisiya yatırılıb. Ancaq “Azərişıq” ASC-nin sədri Baba Rzayevin məqaləsindən blə məlum olur ki, bunun müqabilində çox cüzi iş görülüb.
Şirkət istehsal etdiyi məhsulu - enerjini maya dəyərindən ən azı 3 dəfə baha satdığı halda, büdcəyə ödəmələr təmin edilməyib, böyük borcları silinib.
Yəni, enerji sektoruna müxtəlif mənbələrdən milyardlarla manat pul daxil olmasına baxmayaraq, bunun hara xərcləndiyi məlum deyil. Dövlət büdcəsindən verilən dotasiyaları, kreditlər və enerji haqlarından yığılan vəsaitləri topladıqda son illər ərzində enerji sektorunda minimum 3-4 milyard manat vəsaitin ortadan çıxarıldığını söyləyə bilərik. Sual sadədir: BU MİLYARDLAR HARA YOXA ÇIXIB VƏ BUNA GÖRƏ KİM CAVAB VERƏCƏK?
İ. İsmayılbəyli
AzPolitika.info


Şərhlər