Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi vətəndaşların icbari tibbi sığortanın Xidmətlər Zərfindən necə istifadə edə biləcəyi ilə bağlı məlumat yayıb.
“AzPolitika” məlumata istinadla xəbər verir ki, hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə edə bilər. Bunun üçün icbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrinə müraciət etmək lazımdır.
Müraciət zamanı vətəndaşdan yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslər isə icbari tibbi sığorta haqqı ödədikləri halda Dövlət Miqrasiya Xidməti tərəfindən onlara verilmiş müvəqqəti və ya daimi yaşayış icazə vərəqəsi ilə tibbi xidmətlərdən istifadə edə bilərlər.
Məlumata görə, laborator, funksional diaqnostik və instrumental müayinələr də Xidmətlər Zərfinə daxildir. İxtisaslı həkimin qəbulundan sonra diaqnostik müayinələrə ehtiyac yaranarsa, vətəndaş göndəriş əsasında bu tibbi müayinələrdən keçə bilər.
MRT və KT müayinələrinə isə müştərək maliyyələşmə məbləği tətbiq olunur. Vətəndaş ambulator şəraitdə göstərilən sözügedən müayinələr üçün Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəməlidir. Tibbi müayinələrdən sonra ehtiyac yaranarsa, vətəndaşa ambulator və ya stasionar, yəni xəstəxana şəraitində müalicə təyin olunur. Təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də xəstəxanada yatış zamanı istifadə olunan dərman və tibbi sərf, həmçinin gündəlik qidalanma icbari tibbi sığorta ilə ödənişsiz qarşılanır.
Xidmətlər Zərfinə hansı həyati vacib əməliyyatlar daxildir?
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində bir sıra həyati vacib və dəyəri yüksək əməliyyatların həyata keçirilməsi mümkündür.
Bura baş beyin və beyin qişalarında aparılan əməliyyatlar, ürək-damar əməliyyatları, habelə aorta-koronar şuntlama əməliyyatı, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, minimal invaziv üsulla həyata keçirilən kardiocərrahi əməliyyatlar, göz əməliyyatları, koxlear implantasiya, endoprotezləşdirmə əməliyyatı, orqan transplantasiyası və digər həyati vacib və dəyəri yüksək əməliyyatlar daxildir.
Özəl tibb müəssisələrində necə tibbi xidmət almaq olar?
Vətəndaşa lazım olan tibbi xidməti dövlət tibb müəssisəsində göstərmək mümkün olmadıqda ona xidmətin göstərilməsi mümkün olan digər dövlət tibb müəssisəsinə və ya müqaviləli özəl tibb müəssisəsinə göndəriş verilir.
Dövlət tibb müəssisəsinin özəl tibb müəssisələrinə təqdim etdiyi göndəriş vərəqəsi Agentlik tərəfindən 24 saat ərzində təsdiq edildikdən sonra bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndərilir.
Mesajda göndəriş vərəqəsinin nömrəsi və link qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş linkə daxil olaraq Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri ilə tanış olur və müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirir.
Bu zaman tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək lazımdır.
Bundan əlavə, vətəndaşların nəzərinə çatdırılır ki, özəl tibb müəssisələrində xidmət almaq üçün SMS mətnində təqdim olunan göndəriş kodu fərdi məlumatdır. Bu kod yalnız müraciət ediləcək özəl xəstəxanaya təqdim olunmalıdır.Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 iş günüdür.
Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edilmədikdə isə imtinanın verilmə səbəbi haqqında vətəndaşa SMS bildiriş göndərilir.
“AzPolitika.info”

Şərhlər