Ukraynadakı müharibə uzandıqca, tərəflərin qarşıya qoyduqları hədəflər daha uzaq və qaranlıq görünür. 3 ildən çoxdur cəbhədə heç bir ciddi dəyişiklik olmadığı bir reallıq fonunda sanki tərəflərin qarşısına qoyduqları yeganə məqsəd, sadəcə, bir-birinin “gününü qaratltmaqdır”…

5 ildir müharibə gedir və müharibənin ilk günündən Rusiyanın aerodromlara endirdiyi raket zərbələrindən sonra Ukrayna öz ərazisində mülki aviasiyanın hərəkətini dayandırıb. Lakin Rusiyada bu sahə bu günə qədər fəaliyyət göstərir. İki ölkə bir-birilə savaşır – birinin səmasında sərnişin təyyarələri uça bilir, digərində yox. Məntiqlə, ya hər ikisində uçmalı, ya da heç birində uçmamalıdır. İndi belə görünür ki, Ukrayna bu “ədalətsizliyi” aradan qaldırmaq qərarına gəlib…

Məlum olduğu kimi, Volodimir Zelenski Rusiya səmasının bundan sonra təhlükəsiz olmadığını bəyan edib və Rusiyaya uçan bütün xarici şirkətlərə risklərlə bağlı xəbərdarlıq edib. Konkret bildirib ki, Ukrayna Rusiya səmasını əlindən gələn qədər bağlayacaq.

Sual yaranır ki, bəs Kiyev niyə bunu indiyə qədər etmirdi?

Məsələ yalnız və sadəcə Ukraynanın texniki imkanlarının artması ilə bağlı deyil. Kiyev indiyə qədər Rusiyanın mülki aeroportlarını birbaşa hədəf almırdı, baxmayaraq ki, məsələn, həmin aeroportlardan hərbi yük daşıyan təyyarələr də istifadə edə bilir və bu, mülki hava limanlarının ərazisini qanuni hərbi hədəfə çevirirdi. Ukraynanın məhz indi Rusiyanın “havasını kəsmək” qərarı verməsi düşündürücüdür. Bir çox analitiklər hesab edirlər ki, Kiyevin bu addımdan çəkinməsi Qərb dövlətlərinin razılığının olmaması ilə bağlı idi. İndi isə Qərb bu məsələdə Kiyevə “yaşıl işıq” yandırmış ola bilər.

Bu kontekstdə Zelenskinin bu bəyanatı xüsusilə də Almaniyanın Leypsiq aeroportundakı Rusiya ilə əlaqələndirilən diversiyadan cəmi bir neçə gün sonra verməsi təsadüfi görünmür. Ola bilsin ki, məhz Rusiyanın Almaniya başda olmaqla Avropa mülki aeroportlarında, hərbi zavodlarında və s. törətdiyi bildirilən diversiyalardan sonra Qərb Ukraynaya Rusiya mülki aviasiyasını hədəf almağa icazə verib.

Bəs texniki olaraq Ukrayna bunu necə edəcək və Zelenskinin Rusiya üzərindəki "səmanı bağlamaq" təhdidi reallıqda nə deməkdir?

Məsələ ondadır ki, Ukrayna çoxsaylı qanadlı və ballistik raketlər əldə edənə qədər Kiyev üçün Rusiyada hədəf seçimi əvvəlki prinsiplərlə eyni olacaq. Bunlar öz texniki göstəricilərinə görə az miqdarda partlayıcı maddələr daşıya bilən PUA-larla nisbətən həssas, müdafiəsi zəif olan obyektləri vurmaqdır. Nəticədə bu həssas hədəflərə dəyən zərər əhəmiyyətli iqtisadi və sosial nəticələrə səbəb olacaq. Bu hədəflərdən biri də mülki aviasiya – aeroportlardır. Məlum məsələdir ki, PUA-ların uçuş hündürlüyü maksimum 3-4 min metrə çata bilir. Mülki sərnişin təyyarələri isə 10.000 metr civarında hündürlükdə uçur. Yəni, sırf bu hündürlüklərdəki uçuş zamanı PUA-lar təyyarələrə təhlükə törətmir. Xüsusilə də Rusiya üzərindən uçub başqa ölkələrə yol alan təyyarələr üçün. Lakin bu təyyarələrə PUA deyil, onlarla mübarizə aparan yerdəki elektron vasitələr və təbii ki, bu PUA-ları vurmağa çalışan HHM atəş sistemləri təhlükə yaradır. Çünki onların atəş məsafəsi təyyarələrin uçduqları hündürlüklərə çatır və hətta onları ötür də.

Bununla yanaşı, məlum məsələdir ki, eniş, yaxud aeroportdan havalanan zaman təyyarələr PUA-lar üçün əlçatan məsafədə olurlar. Ukrayna əlbəttə, öz PUA-ları ilə birbaşa təyyarələri hədəf almaq fikrində deyil, bunu Zelenski də dönə-dönə deyib. Lakin aeroportların həndəvərində dövr edən, yaxud onların ərazilərindəki infrastruktur obyektlərini hədəf alan PUA-lar mülki təyyarələrin uçuşunu mümkünsüz edə bilir. Bu zaman heç partlayıcı daşıyan PUA-lara da ehtiyac yoxdur, sadə, aldadıcı PUA-lar kifayətdir ki, aeroportları iflic etsin. Artıq iki gündür ki, xüsusilə də Moskva aeroportlarında bu mənzərə müşahidə edilir, reyslər təxirə salınır və enməli olan təyyarələr başqa aeroportlara yönləndirilir. Yəni, HMM sistemlərini aşaraq aeroportların fəaliyyət göstərdikləri zonalara yaxınlaşmaq kifayətdir ki, uçuşlar dayandırılsın.

Lakin Ukraynanın yeni taktikasının uğurlu olması üçün olduqca vacib bir şərt var – davamlılığı təmin etmək. Məsələn, İran Fars körfəzində və bütövlükdə Yaxın Şərqdə (İsrail də daxil olmaqla) hava limanlarına ardıcıl olaraq zərbələr endirmişdi. Lakin bunlar həmin ölkələrin hava məkanının uzunmüddətli bağlanmasına səbəb olmadı. Yalnız qısamüddətli fasilələr oldu. Birbaşa dron hücumlarından sonra belə, hava limanları bir neçə gün, hətta bəzən bir neçə saat ərzində təyyarələr üçün yenidən açıldı.

May ayında Ukrayna Rusiyanın əsas aviasiya infrastruktur mərkəzinə - Rostov vilayətindəki Cənubi Rusiya Hava Naviqasiya Xidmətinin filialına zərbə endirdi. Rostov hava hərəkəti dispetçerləri məhz burada olur və ölkənin bütün cənub hissəsi üzərində hava məkanına xidmət göstərirlər. Bu zərbə bir neçə hava limanının dərhal bağlanmasına səbəb oldu. Lakin bu bağlanma cəmi bir neçə saat davam etdi. Yəni, daha effektiv nəticə üçün daha davamlı, çoxsaylı PUA hücumları olmalıdır və onlar HHM sistemlərini aşa bilməlidir.

Zelenski bu yaxınlarda Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə hücum edən gündəlik dron sayının hazırkı 300-dən 1000-ə çatdırmağı planlaşdırdığını açıqladı. Lakin hücumların genişlənməsi Kiyevin özünün də etiraf etdiyi kimi, əhəmiyyətli maliyyə və təşkilati çətinliklər yaradır. Ukraynanın Rusiya dərinliklərini vurduğu dronların hər biri təxminən 50.000 dollara başa gəlir. Gündə əlavə 500-700 PUA-nın buraxılması əlavə 25-35 milyon dollara başa gələcək. Bu isə ildə 10-12 milyard dollar deməkdir. Üstəlik, bunun üçün yerüstü infrastruktur, əlavə personalın maaşları və s. lazımdır. 10-12 milyard Ukraynanın illik müdafiə xərclərinin təxminən 10%-ni ötür. Bu isə kifayət qədər böyük rəqəmdir.

Nəhayət, Zelenskinin məlum bəyanatının fiziki tərəflərilə yanaşı, sırf informasiya və siyasi təsir tərəfi var ki, bu da olduqca əhəmiyyətlidir. Məsələ ondadır ki, hazırda Rusiya ilə aviasiya əlaqəsini bir çox ölkələr, o cümlədən Çin və Hindistan, eləcə də Türkiyə kimi böyük dövlətlər saxlamaqdadır. Məlum olduğu kimi, artıq Türkiyənin “Pegasus” və “Türk Hava Yolları” şirkətləri Rusiya şəhərlərinə reysləri təxirə salmağa başlayıblar. Bu baxımdan Rusiya tərəfi iki gündür, xüsusilə də Nəqliyyat nazirinin dili ilə uçuşların təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcəyinə dönə-dönə söz verir. Lakin Rusiyanın vədlərinə inam hazırda heç də ən yüksək səviyyədə deyil. AZAL təyyarəsinin vurulması heç kimin yadından çıxmayıb...

İndi Türkiyə ilə yanaşı, Çin, Hindistan və Ərəb ölkələrinin Zelenskinin təhdidinə necə cavab verəcəyi maraqla gözlənilir. Hazırda onlar Avropa Birliyi və ABŞ-dəki rəqibləri üçün əlçatmaz olan Rusiya hava məkanından öz mənfəətləri üçün istifadə edirlər. Onlar bu mənfəətdən asanlıqla imtina edəcəklərmi?

Ən əsası isə bu ölkələrin Rusiya ilə hava əlaqəsindən imtinası Moskvanın dünyadan siyasi təcridini - “izqoy” vəziyyətinə salınmasını daha da artıracaq, sürətləndirəcək. Eyni zamanda, bu, həmin ölkələrin Kremlə müharibəni bitirmək üçün təzyiqlərini daha da artıra bilər.

Çıxarılan nəticə budur ki, Ukraynanın məlum bəyanatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti və mümkün hərəkətə keçməsi perspektivi blef deyil və Rusiya üçün olduqca ağrılıdır. Bu yeni taktikanın nə dərəcədə işlək və effektiv olacağını isə yaxın zamanda görəcəyik...

Cəlal Məmmədli

“AzPolitika.info”