Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya səmasının artıq “tamamilə təhlükəsiz olmadığını” bəyan etməsindən sonra beynəlxalq aviaşirkətlər bu ölkəyə reysləri təxirə salmağa başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Qərb mediasında geniş materiallar dərc edib.

Qeyd olunur ki, Türkiyənin “Pegasus” aviaşirkəti Moskvaya uçan təyyarələrini geri qaytarıb və bir sıra reysləri ləğv edib. Oxşar addımları “Turkish Airlines” şirkəti də atıb. Zelenski bildirib ki, Ukrayna mülki aviasiyaya təhlükə yaratmır, lakin Rusiya səmasında PUA-ların peyda olması reallıqdır və xüsusilə Moskva, Sankt-Peterburq kimi strateji istiqamətlərdə “bağlı səma” rejiminin effekti hiss olunacaq.

Rusiya Prezidenti Vladimir Putin Zelenskinin bəyanatını “dövlət terrorizminə cəhd” adlandırıb. Nəqliyyat Nazirliyi mülki aviasiyada ciddi fasilələrə icazə verilməyəcəyini bildirsə də, “The Moscow Times”ın hesablamalarına görə, artıq Moskva aeroportlarında 80-ə yaxın reys təxirə salınıb və ya ləğv edilib.

Təhlükəsizlik mütəxəssisi İvan Stupakın sözlərinə görə, Rusiya hava məkanının qapanması ilk növbədə Rusiya rəhbərliyinin logistikasını vuracaq: “Əgər Ukrayna bu ssenarini tam reallaşdırsa, Rusiya rəhbərliyini və yüksəkçinli məmurları daşıyan ‘Rossiya’ xüsusi aviasiya dəstəsinin təyyarələri yerdə qalacaq. Eyni zamanda, rusiyalı elitanın istifadə etdiyi biznes-aviasiya da iflic olacaq. İndi rusiyalı oliqarxlar və məmurlar üçün şəxsi qatar almaq trendə çevrilə bilər”.

Rusiyanın müharibəpərəst (Z) ictimaiyyətində də narazılıqlar pik həddə çatıb. Z-blogerlər Kremlin Ukraynanın qərar qəbul edən mərkəzlərinə zərbə endirməməsindən qəzəblənirlər.

Putinin bu barədə verdiyi açıqlama isə daha çox sual doğurub. Rusiya lideri bildirib ki, Moskva hələ də sülh danışıqları aparmaq üçün Ukraynada kimlərləsə təmas imkanlarını saxlamaq istəyir.

Politoloq İvan Preobrajenski qeyd edir ki, Rusiyanın hərbi uğursuzluqlar fonunda nüvə ritorikasını və ya sərt bəyanatlarını artırması artıq effektini itirib: “Rusiya cəbhədə vəziyyəti ağırlaşanda ‘nüvə bombası olan dəli’ obrazı yaratmağa çalışır. Lakin Qərb və beynəlxalq aləm artıq bu təhdidləri ciddi qəbul etmir. Putin müharibəni hələ bir neçə il uzatmağa hazırlaşır, lakin cəbhədəki real vəziyyəti tam qiymətləndirə bilmir. Onun əsas hesabı Ukraynanın yaxın gələcəkdə çökməsidir, əks halda Rusiyanın resursları uzunmüddətli müharibəyə çatmayacaq”.

Analitiklərin fikrincə, Ukraynanın Rusiya səmasında yaratdığı qeyri-müəyyənlik təkcə mülki aviasiyaya deyil, Rusiya iqtisadiyyatına və Kremlin idarəetmə sisteminə də ciddi psixoloji və logistik zərbə vurur.

Rasim

“AzPolitika.info”