Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Tarix boyu bəşəriyyətin üzərində düşündüyü əsas suallardan biri xalqların taleyi və bu taleyi formalaşdıran qüdrətli şəxsiyyətlərin roludur. Siyasi fəlsəfənin atalarından olan Platon "Dövlət" əsərində cəmiyyəti böyük bir gəmiyə bənzədir və bu gəmini sərrast idarə edəcək filosof-hökmdar konsepsiyasını irəli sürürdü. Fridrix Nitsşe isə tarixi irəli aparan hərəkverici qüvvə kimi dəyişiklikləri gerçəkləşdirən fərdlərin – ümumbəşəri iradəni daşıyan liderlərin fövqəladə gücünü önə çəkirdi. Xalqın kütləvi enerjisini tarixi tərəqqiyə çevirən məhz bu cür liderlərin uzaqgörənliyi və qətiyyətidir.
Bir xalqın rifahı və xoşbəxtliyi dövlət başçısının iradəsindən birbaşa asılıdır. Höte yazırdı ki, xalq özünü idarə edən mərkəzi səlahiyyətli şəxsiyyəti itirəndə kölələşir. Lider idarəetmə mexanizmi olmaqla yanaşı cəmiyyətin varlığını qoruyan mənəvi sütundur, milli təhlükəsizliyin və gələcəyə inamın qarantıdır. Böhran dövrlərində fərdlərin dağınıq istəkləri güclü liderin simasında bütöv bir siyasi iradəyə çevrilir və xoşbəxtlik bu iradənin zəfəri kimi təzahür edir. Fransanın görkəmli dövlət xadimi Şarl de Qoll bu həqiqəti belə ifadə etmişdir: "Böyük insanları yalnız onların özləri böyük edə bilər, çünki onlar öz cəsarətləri ilə böyük olmağa qərar verirlər".
Məhz bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, bugünkü tarix — 3 sentyabr Azərbaycanın əslində qurtuluşunun başlanğıcıdır. Azərbaycan xalqının taleyində 1991-ci ilin sentyabrında Naxçıvanda başlanan siyasi dönüş bu fəlsəfi gerçəkliyin canlı təsdiqidir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı cəmiyyəti məhv olmaq təhlükəsindən qurtaran, dövlətçilik ideyasını yenidən dirçəldən tarixi zərurət idi. O, siyasi böhranı aradan qaldırdı və xalqa öz gücünə inam qaytardı. Bu böyük irsin təməli üzərində qurulan müasir Azərbaycan dövləti yeni strateji mərhələni yaşayır.
Milli inkişaf fəlsəfəsinin məntiqi davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu xilasetmə missiyasını dayanıqlı tərəqqiyə və qlobal uğurlara çevirdi. Otuz illik işğala son qoyulması, ərazi bütövlüyünün bərpası və Qarabağın yenidən qurulması xalqın əsas tarixi xoşbəxtliyini – qalib xalq statusunu reallaşdırdı. Bu tarixi zəfərin davamı olaraq, uzaqgörən siyasət nəticəsində qarşıya qoyulan ali məqsədlərdən biri də Qərbi Azərbaycana qayıdışdır ki, bu da milli ideologiyamızın əsas tərkib hissəsidir. Azərbaycan regionda yeni reallıqlar yaradan, qlobal layihələrə rəhbərlik edən güclü mərkəzə çevrilibsə, bu, liderin qətiyyətli iradəsi ilə xalqın birliyinin vəhdətindən doğan fəlsəfi zəfərdir.
“AzPolitika.info”

Şərhlər