Si Dzinpin bazar günü bəyan edib ki, Belarusa səfərdən gözlənilən bütün nəticələr əldə edilib.
“Biz müştərək İpək Yolu iqtisadi qurşağının yaradılması zamanı hərtərəfli praktik əməkdaşlıq barədə həmrəyik” - deyə ÇXR sədri Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bildirib.
Belarus lideri çinli qonağı əmin edib ki, onun ölkəsi Si Dzinpinin “ipək” konsepsiyaları üçün qovşaq platforması olacaq (“İpək Yolunun iqtisadi qurşağı” və “XXI əsrin dəniz ipək yolu”).
Burada kommunikasiyaların və fəhlə yataqxanalarının tikintisində hələlik bir neçə yüz çinli çalışır. Çin-Belarus sənaye parkının artıq üç yaşı var. Bu parkın yaradılması barədə sərəncamı Lukaşenko 2012-ci ildə imzalayıb. Parkın yaradılması 30 il müddətində davam edəcək.
Skeptiklər düşünürlər ki, Belarusun nəzərdə tutduğu ildə 50 milyard dollar eksport gəliri üçün bu müddət çox uzundur, belə ki, regionda artıq indidən yeni istehsal və texnologiyalara investisiyalar yatırılmasılna maraq azalıb.
Çin bu parkda infrastrukturun yaradılması üçün 170 milyon dollar məbləğində güzəştli kredit ayırıb. Lakin bu kredit həm də Çin təchizatı və xidmətləri üçün ödənişlərə xərclənməli idi.
Çinin “China Merchants Group” dövlət korporasiyası burada - “Möhtəşəm daş” parkında Avropa İttifaqı yaxınlığında ticarət mərkəzi yaratmağı düşünür.
Aleksandr Lukaşenko və Si Dzinpinin hərtərəfli srtrateji əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsinə dair imzaladıqları birgə bəyannamədə bildirilir ki, Belarusa İpək Yolunun yaradılmasında mühüm nəqliyyat, informasiya-kommunikasiya həlqəsi kimi baxılır, Çin-Belarus sənaye parkı isə Avrasiya regionunda mühüm layihələrdən biri olacaq.
Bəyannamədə deyilir ki, “Belarus tərəfi parkın sakinləri və onların fəaliyyəti üçün güzəştli siyasət yürüdəcək”.
Çinin Dövlət İnkişaf Bankı “Belarus Respublikasının İnkişaf Bankına” 700 milyon dollarlıq kredit nəzərdə tutub.
“Kredit razılaşmasına əsasən resurslar 15 il müddətində, 5 il güzəştli olmaqla buraxılacaq. Bunlar “uzun pullar”dır” - deyə İnkişaf Bankının rəhbəri Sergey Rumas bildirib.
Bundan əlavə Çinin Dövlət İnkişaf Bankı “Belarusbank”a 300 milyon dollarlıq kredit ayıracaq. Bundan əvvəl Çin hökuməti Belarus üçün 16 milyard dollarlıq kredit xətləri açıb.
Lakin ekspertlər bildirirlər ki, Çinlə müştərək həyata keçirilən layihələrə birbaşa Çin investisiyaları yatırılmır.
Belarus prezidenti bildirib ki, Minsklə Pekin arasındakı ticarətdə hələ də 3 milyard dollarlıq mənfi saldo mövcuddur.
Lakin Çin lideri vəd edib ki, onun ölkəsi Belarusdan keyfiyyətli və rəqabətə davamlı malların alınmasını genişləndirəcək.
Belarus və Çin bildiriblər ki, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə edəcəklər.

Qarşılıqlı anlaşma barədə memorandumu “Belarus Kalsium Şirkəti” və Çinin “Sinochem” korporasiyası imzalayıblar.
Çin şirkəti ilə görüşdə Belarusun baş naziri Andrey Kobyakov deyib ki, Çinin ən böyük kalsium-xlorid istehsalçısı ilə ən uzun müddətə, 5 ilə memorandum imzalanıb və bu sənəd ən böyük təchizat paketini nəzərdə tutur.
“Sinochem Group”un mətbuat xidmətindən bildiriblər ki, şirkət qarşıdan gələn 5 ildə Belarusdan 4 milyon ton kalsium gübrələri almağı planlaşdırır. Bu, hazırkı qiymətlərlə 1,3 milyard dollar deməkdir.
Belarusun tut.by portalı bildirir ki, “Belarus Kalsium Şirkəti” dünya treyderləri arasında birinci olaraq Çinlə gübrə təchizatı barədə saziş imzalayıb və bu ölkəyə 1,7 milyon ton gübrə ixrac etməyi düşünür.
Hələ mart ayında bəlli olmuşdu ki, Belarus kalsiumunun 1 tonu Çinə 315 dollara başa gəlir. Bu, 2014-cü ildə olduğundan 10 dollar bahadır. Başqa treyderlər, məsələn, Rusiyanın “Uralkalsium” kombinatı Çin üçün qiymətləri hər tona 20-25 dollar artırmağı düşünürdü.
Siyasi razılaşma
Minskdə keçirilən görüşdə Çin və Belarus liderləri dünya səhnəsində qarşılıqlı dəstək barədə razılığa gəliblər.
Birgə bəyanatda deyilir ki, Çin Belarusun daxili siyasi həyatına hər hansı şəkildə müdaxilənin əleyhinədir. Prezident Lukaşenko Qərbdən səslənən tənqidlərə də cavab verməyi unutmayıb.
“Qərbdə bizi bəzi mövqelərimizə görə tənqid edəndə, hətta bəzən təcriddən danışanda mən həmişə bizim Çin Xalq Respublikası ilə əməkdaşlığımızı misal gətirirəm və deyirəm ki, əgər hər hansı dövlətin Çin Xalq Respublikası ilə yaxşı və hətta dost münasibətləri varsa, o dövlətin heç bir təcridolunması ola bilməz”.
Belarus prezidenti Çin lideri ilə söhbətində “Pekindən BMT məsələsini” araşdırmasını xahiş edib: “Birləşmiş Millətlər Təşkilatının özü kimi alətləri də zəifləyib. Bizə belə gəlir ki, BMT-nin fundamental islahatlara ehtiyacı var və burada əlbəttə, Çin Xalq Respublikası öz rolunu oynaya bilər” (BBC).


Şərhlər