Menu

NATO PUTİNƏ AÇIQ MESAJ GÖNDƏRİR - "Müharibə riski yüksəkdir"

13.05.2015, 11:11
NATO PUTİNƏ AÇIQ MESAJ GÖNDƏRİR - "Müharibə riski yüksəkdir"

"Bu imperiyanın məhv olması üçün müəyyən bir vaxt lazımdır”

Praktiki baxımdan soyuq müharibə səviyyəsinə qədər qalxmış indiki vəziyyətdə, həmçinin Pribaltikadakı gərginliyin və Rusiya tərəfindən müdafiə edilən Ukraynadakı yaraqlıların hücuma hazırlaşması fonunda, NATO Putinə açıq şəkildə siqnal göndərib. Bu, Baltik və şərqi Avropa ölkələrinin işlərinə müdaxilə etməyi yadınızdan çıxarın siqnalıdır (Business İnsider).

Hal-hazırda NATO, hərbi-hava, quru qoşunları və hərbi –dəniz qüvvələrinin iştirakı ilə Pribaltika və Skandinaviyada geniş miqyaslı bir sıra hərbi təlimlər həyata keçirir. ”Los Angeles Times” qəzetinin əməkdaşı Keral Uilyams keçirilən təlimlər haqqında bildirib: ”Estoniya, Litva və Norveçdə keçirilən təlimlərdə 21 min hərbçi və ən müasir zirehli texnikalar iştirak edir. Ukrayna silahlı qüvvələrinin Amerikan hərbçiləri tərəfindən hazırlanması və şərqi Avropanın müdafiəsi üçün 3 min nəfərlik çevik hərəkət kontingentinin yaradılması, NATO-nun öz üzvlərini qoruyacağı barəsində Moskvaya göndərdiyi mesajdır”.

Norveçin Şimal dənizi sahillərində keçirilən “Dynamic Mongoose” (Cəld manqus) kod adlı hərbi təlimlərdə, NATO-nun 10 üzvü və İsveç hərbçiləri iştirak edirlər.

Həmçinin bu arada Estoniyada 13 min əsgərin iştirakı ilə “Hedehog” (Kirpi) kod adlı təlimlər keçirilib. Bu təlimlər Estoniya tarixindəki ən böyük hərbi təlimlər sayılır. Litvada keçiriləcək ”Lightning Strike” (İldırım zərbəsi) təlimləri çərçivəsində bu ölkəyə yüksək riskli vəziyyətlərdə hökumət ilə ordu birləşmələrinin qarşılıqlı fəaliyyətinin effektliyini yoxlamaq məqsədi ilə 3 min nəfər hərbçi və polis gəlib. Bu əməliyyatlar çərçivəsində Rusiyanın Krımda olduğu kimi Litvanın da ərazisinə “yaşıl adamlar” vasitəsilə gizli yollarla soxulmasına qarşı əks tədbirlərin alınması üzərində çalışmalar aparılıb.

Hərbi təlimlərin bu dərəcədə geniş miqyas alması, NATO–nun sərhəd ölkələrinin Rusiyanın aqressiv bəlağəti qarşısında nə qədər narahatçılıq keçirdiklərini göstərir. Polşa parlamentinin deputatı Pavel Koval yaranmış narahatçılığı bu cür ifadə edib: ”Aydındır ki, Polşa müharibə riskinin yüksək olduğu bir vəziyyətdədir. Biz, Rusiya imperializminin kölgəsi altında yaşayırıq. Hazırda müstəmləkə dövləti ölüm qabağı konvulsiya keçirir. Bu imperiyanın məhv olması üçün müəyyən bir vaxt lazımdır”.

İndi NATO və Rusiyanın hərbi təyyarələri praktik olaraq, hər gün Baltik dənizi üzərində qarşı-qarşıya gəlirlər. Digər tərəfdən isə Moskva öz hərbi potensialını Arktika, Krım və Kalininqradda artırmağa başlayıb. Həyata keçirilən həmin hərbi təlimlərdən əlavə, NATO və şimali Avropa ölkələri öz müdafiə sistemlərini qarşılıqlı şəkildə gücləndirəcəkləri barəsində bəyanat da səsləndiriblər.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol