Menu

Böhran startap layihələrini də vurdu - Fond pul ayırmır

13.05.2015, 19:41
Böhran startap layihələrini də vurdu - Fond pul ayırmır

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 2-ci qrant müsabiqəsi üzrə startap layihələrinin maliyyələşdirilməsini yerinə yetirə bilmir.

Sektordakı mənbənin “marja”ya verdiyi məlumata görə, bu ilin əvvəlində bir sıra startaplara qrant verilməsi haqqında qərar verilsə də, indiyədək dövlət büdcəsindən Fonda həmin qrant məbləğləri verilməyib.

“Yəni startaplar artıq bir neçə aydır ki, onlara veriləcək məbləği gözləyir. Burada təqsirkar Fond deyil”,- mənbə bildirib.

Mənbənin sözlərinə görə, startaplara ayrılan vəsait də yarıbayarı azaldılıb.

“Əgər keçən il startaplara 20 min manat qrant verilirdisə, bu il bu məbləği 10 min manata endiriblər”.

Fondan mövzuya münasibət öyrənməyə cəhd etdik. Lakin, suallarımızın cavablandırılmasından boyun qaçırıldığı üçün Fondun mövqeyini öyrənə bilmədik.

Xatırladaq ki, Yanvarın 23-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdi. İclasda Fondun elan etdiyi 2-ci qrant müsabiqəsinə yekun vurulmuşdu. İnnovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusunda keçirilən 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunmuşdu. İlkin və kompleks ekspertizadan keçən 62 layihə Fondun Müşahidə Şurasına təqdim olunmuşdur. Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol