Banklar manat əmanətlərinin təşviqinə başlayıb. “Marja”nın məlumatına görə, Azərbaycanın kommersiya bankları devalvasiyadan sonra “şokdan” çıxmağa çalışırlar.
Aktivləri böyük nisbətdə dollarlaşan banklar, manatla kredit verməyi dayandırmışdılar. Lakin əhali və şirkətlər yenidən devalvasiya ola biləcəyindən ehtiyatlanaraq manatla kredit götürmürdülər. Əlbəttə, vəziyyət belə davam edə bilməzdi, banklar kredit verib gəlir götürməlidirlər.
Son günlər banklar vəziyyətdən çıxış yolu kimi, yüksək faizlə, manatla qısamüddətli əmanət cəlbinə başlayıblar.
Ekspertlər bildirirlər ki, bankların belə bir təklifi əmanətçilərin vəsaitlərini dollara çevirmələri ilə bağlıdır. Əmanət üzrə yüksək faiz dollarda olan əmanətlərin manatla yerləşdirilməsini təşviq etmək üçün təklif olunur. Əmanətlər üzrə qısa müddət isə riskin azaldılmasına xidmət edir. Banklar manatla kredit vermək üçün manatla vəsait cəlb etməlidirlər. Bu baxımdan, qısamüddətli əmanət cəlbi yenidən manatla kreditlərin verilməsinin bərpa edilməsi üçün ilkin addım ola bilər.


Şərhlər