İxtisarlarla hərbi xərcləri azaltmaq nəzərdə tutulur
Rusiya KİV-nin yaydığı məlumata görə, ABŞ Almaniyanın Ştutqart şəhərinin yaxınlığında yerləşən hərbi bazanın almanlara qaytarılması barədə qərar qəbul edib. Bu barədə dünən Pentaqonun yaydığı məlumatda söhbət açılır («TASS»).
Məlumatda deyilir: «Müdafiə Nazirliyi, ABŞ-ın Ştutqartda yerləşən Avropa hərbi obyektini istifadə üçün 2015-ci ildən tam halında yerləşdiyi ölkəyə qaytarır...». Buna səbəb kimi bazanın ABŞ-ın Avropadakı silahlı qüvvələri üçün israfçı obyekt olması önə çəkilir.
Sözügedən hərbi obyektin ərazisində ABŞ silahlı qüvvələrinin rabitə şöbəsi yerləşir. Şöbənin yerləşdirilməsi üçün Pentaqon artıq yeni ərazinin müəyyən edildiyini bildirir.
Bu ilin əvvəlində müdafiə nazirinin müavini Derek Şole elan etmişdi ki, ABŞ Avropadakı hərbi bazalarının sayını azaltmaq fikrindədir. Bununla da ildə 500 milyon dollar vəsaitə qənaət ediləcəyi gözlənilir. Onun sözlərinə görə, yerləşdiyi ölkələrə qaytarılacaq hərbi obyektlərin sayı 15-dir: «Bunun nəticəsində bir neçə min Amerika hərçisi əsasən, Britaniya və Portuqaliyadan vətənə qayıdacaq. Bütün prosedur bir neçə il vaxt aparacaq...».
Şole əlavə edib ki, Avropada baş verəcək belə dəyişiklik həm quru qoşunlarına, həm də hərbi hava qüvvələrinə aid olacaq və təkcə Britaniyadakı amerikalı hərbçilərin sayını 2 min nəfərə qədər azaldacaq. Proqram eyni zamanda, Belçika, Almaniya, İtaliya və Niderlandı əhatə edəcək.
Ötən ilin mayında ABŞ Avropadakı ikinci dərəcəli 21 hərbi obyektdən imtina etmək qərarına gəlib. Pentaqonda düşünürlər ki, bu, hərbi bazaların saxlanmasına çəkilən xərcləri təxminən, 60 milyon dollar azaltmağa imkan verəcək.
AzPolitika.info


Şərhlər