Menu

Tanınmış azərbaycanlı futbolçu vəfat etdi

20.05.2015, 00:30
Tanınmış azərbaycanlı futbolçu vəfat etdi

Əhməd Ələsgərov bu gün 80 yaşında dünyasını dəyişib

Azərbaycan futbolunun əvəzolunmaz simalarından biri, ən tanınmış və şöhrətli məşqçimiz Əhməd Ələsgərov bu gün 80 yaşında dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, bu barədə AFFA-nın mətbuatla əlaqələr katibi Mikayıl Nərimanoğlu xəbər yayıb.

Əhməd Lətif oğlu Ələsgərov 5 oktyabr 1935-ci il tarixdə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitunu bitirən yubilyar 1955-1965-ci illər ərzində Bakının "Neftyanik" (sonradan "Neftçi") klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb. Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra futboldan ayrılmayıb. Özünü məşqçilik sahəsində sınayan Əhməd Lətif oğlu Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisidir.

Əhməd Ələsgərov Bakının 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, milli komandamızın ilk baş məşqçisi kimi tarixə düşüb. Məşhur məşqçimizin müstəqil Azərbaycan futbolunda qazandığı bir uğuru xüsusi qeyd etmək istərdik. 2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan Əhməd Lətif oğlu klubumuzda muşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm "Bakı" Azərbaycan çempionu titulunu qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol