Menu

"Rusiya keçmiş SSRİ ölkələrini ələ keçirmək istəyir" - PREZİDENT

21.05.2015, 00:13
"Rusiya keçmiş SSRİ ölkələrini ələ keçirmək istəyir" - PREZİDENT

«Demək olar ki, Avrasiya kontinenti daim qorxu altında yaşayır"

Rusiya KİV-nin yaydığı məlumata görə, "Associated Press" agentliyinə müsahibəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiya tərəfindən ekspansiya təhlükəsinin olması barədə xəbərdarlıq edib (Qazeta.ru).

Prezidentin sözlərinə görə, Rusiya hakimiyyət dairələri keçmiş SSRİ ölkələrini ələ keçirmək məqsədilə ölkənin silahlı qüvvələrindən istifadə etmək niyyətindədir. Marqvelaşvili Qərb dövlətlərini Rusiyanın təcavüzünə yol verməməyə çağırıb: «Demək olar ki, Avrasiya kontinenti daim qorxu altında yaşayır. Əgər hansısa bir ölkədə hər-hansı qeyri-sabit vəziyyət yaranırsa... qonşumuz bu problemi tez bir zamanda «Kalaşnikov»un köməyi ilə həll edir...».

Onun sözlərinə görə, 2008-ci il hadisələrindən sonra Gürcüstan hələ də Rusiya tərəfdən hərbi təhlükənin olduğunu hiss edir.

Bundan əvvəl, çərşənbə axşamı Marqvelaşvili Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin tərəfdarı olduğunu bildirmişdi. Bu barədə o, Tbilisidə Avstriyalı həmkarı Haynts Fişerlə keçirdiyi birgə brifinqdə danışmışdı. Onun sözlərinə görə, «sanksiyaların yeganə məqsədi - Ukraynada müharibənin dayandırılması, Krımın işğalının qəbuledilməz olduğunun nümayişi, ümumiyyətlə isə Rusiyanın qonşularına yönəlik aqressiv davranışlarının qəbuledilməz olduğunu göstərməkdir. Odur ki, sanksiyalar nəinki saxlanmalı, həm də bu tip siyasətin qəbuledilməz olduğu barədə Rusiyaya siyasi ismarıclar gücləndirilməlidir».

Prezidentin sözlərinə görə, sanksiyaların gücləndirilməsi göstərir ki, öz inkişafı üçün sərbəst yol seçmək və hərbi təcavüzdən qorxmamaq istiqamətində qonşu ölkələrin maraqlarına hörmət etmək kimi komponentlər Rusiyanın maraq dairəsinə daxil deyil: «Gürcüstan Avropaya inteqrasiya yolunu Rusiya ilə düşmənçilik etmək məqsədilə yox, özünün inkişafı üçün seçib. Rusiya da öz növbəsində, demokratik və stabil qonşu ölkələrin varlığında maraqlı olmalıdır».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol