Menu

"Dövlət malını yeyənlər bu faciədən dərs götürsünlər" - Eldar Sabiroğlu

21.05.2015, 14:50
"Dövlət malını yeyənlər bu faciədən dərs götürsünlər" - Eldar Sabiroğlu

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu Binəqədi rayonunda baş vermiş və 15 nəfərin ölümünə səbəb olan faciəvi yanğın hadisəsi ilə bağlı "AzPolitika.info"ya öz fikirlərini açıqlayıb.

Faciənin bilavasitə şahidi olan E. Sabiroğlu yanğının yaddaşında çox dəhşətli bir iz buraxdığını qeyd edib: "Günahsız insanların yanaraq külə dönməsinə ürək lazımdı, tab gətirsin. Allahdan bu faciədə ölənlərin hamısına rəhmət diləyirəm. Yanan bina yaşadığım evin yaxınlığında olduğundan, faciəni ilk dəqiqələrdən gördüm, dözməyib aşağı düşdüm və hadisə yerinə yollandım. Od-alov, tüstü ərşə qalxmışdı.

Hadisə yerinə necə çatdığımı heç bilmədim, fəryad səsləri insanı yerindən tərpədirdi. Dəhşətli bir mənzərə vardı. Binanın həndəvərinə çatar-çatmaz yanmaqdan xilas olmaq üçün özünü "göydələn"dən yerə atan bir çarəsizin bağırtısını eşitdim. Bağırtı ani çəkdi və mənə elə gəldi ki, o, elə göydəcə öldü...

Bu cür amansız hadisələrə dözmək olmur, həyəcan, kədər boğazımdan yapışıb məni boğurdu. Gözlərimin yaşını saxlaya bilmirdim. Bu faciə hamını sarsıtmışdı. Dimdiyində öz balasına su gətirən qaranquş kimi insanlar yanğını söndürmək üçün vedrələrdə su daşıyırdılar. Xilasedicilərin, polis işçilərinin əsl mənada qəhrəmanlıqlarının şahidi oldum. Onlar ölümlə üzbəüz dayansalar da, insanları alovun pəncəsindən xilas edirdilər. 15 nəfəri itirdik, az deyil. Amma bəlkə bu qəhrəmanlarımızın şücaəti, əzmi olmasaydı, daha çox insan itirə bilərdik".

Eldar Sabiroğlu bu ağır faciədən kimlərinsə siyasi məqsədlər üçün istifadəyə cəhd etməsinin yolverilməz olduğunu söylədi: "Bəli, faciə çox ağırdır, damarlarda qanı donduracaq qədər ağır. Unutmaq belə mümkün deyil... Lakin kədərin miqyası nə qədər üzücü, iztirablı olsa da, indiki günlərdə dözüm və mətnlik nümayiş etdirmək, təxribatlara, qızışdırıcı meyllərə uymamaq bir vətəndaş kimi hamımızı düşündürməlidir. Həlak olan soydaşlarımızın ailələrinin, qohum-əqrabalarının yanında olmaqla bərabər, dövlətimizin də yanında olmağı yaddan çıxarmamalıyıq. Bu çox vacibdir.

Ancaq yanğınla bağlı müxtəlif mövqe ortaya qoyan bəzi siyasətçilərin milləti yanlışlığa dartıb aparması məni daha çox məyus etdi. Milli faciə üzərindən "milli maraq"ları qorumağa can atmaq meyillərini qətiyyən qəbul etmirəm. Bu ənənəni buraxmaq gərəkdir. Hədər yerə demirəm bunu, faciədən yararlanmaq səyləri az qala adamın gözünə girir. Heç kimə başucalığı gətirən hal deyil bu, inanın! Hadisəyə biganə qalmaqdansa, təqsirkarların cinayət məsuliyyətinə cəlb olunmasını birgə tələb etməliyik, hamılıqla.

Bayaq qeyd etdiyim fikrin üzərinə təkrar qayıdıram. Dövlət amilini bir an belə olsun gözümüzdən kənara buraxmamalıyıq. Bu dövlət bizimdir, onun sarsılmasına qətiyyən yol verə bilmərik".

Eldar Sabiroğlu ökə prezidentinin qətiyyətli mövqeyinə diqqəti çəkərək, faciənin günahkarlarının tezliklə tapılıb, məsuliyyətə cəlb olunacağına inandığını vurğuladı: "Həmin gün bu faciənin əzabını, iztirabını yaşayan ölkə prezidentinin üzündəki kədəri duymamaq sadəcə mümkün deyildi. Binanın qarşında dayanıb ətrafa baxan zaman, mənə elə gəlirdi ki, o, üç yaşlı Fərəhi axtarır.

İlk dəqiqələrdən faciəni nəzarətə götürən prezident İlham Əliyevin və digər dövlət nümayəndələrinin kəskin reaksiyaları bizi inandırır ki, bu cinayətin səbəbkarları haqlı cəzalarını alacaqlar. Dövlət komissiyasının iclasında ölkə başçısının mövqeyi bizi daha çox düşünnməyə vadar edir. O çox sərt danışırdı, artıq bu vəziyyətə dözə bilmədiyini bəyan edir, kədərini bölüşür və xalqa arxalandığını ifadə edirdi. Bəlkə də, illərlə ürəyində yığıb saxladığı sözləri daha açıq şəkildə bəyan edirdi. Ola bilsin səhv edirəm, ancaq bu mənə belə gəlirdi.

Onun çıxışını həyəcansız dinləmək mümkün deyildi. Bəli, sadəcə mümkün deyildi. Ona yalan satılmışdı! Yalana isə prezident nifrət edir. Mən onu elə tanıyıram. Nə yarınmaq, nə də yaltaqlanmaq fikrim var".

Eldar Sabiroğlu bu cinayətdə əli olanların mütləq müttəhimlər kürsüsündə oturacağına inandığını bildirməklə yanaşı, məmur özbaşınlığının, harınlığının facilələrə yol açdığını vurguladı: "Günahkarların məhkəmə qarşısında dayanacağına hər birimiz inam göstərməliyik. Bu bir də ona görə əhəmiyyətlidir ki, harınlar, dövlət malını yeyənlər bəlkə bu faciədən bir dərs götürələr. Sədaqət deyə-deyə kürsülərdən haray salmağın mənası nədir, sədaqətin mahiyyətini, fəlsəfəsini o dövlət məmurları bilirlərmi?!

Rüşvətxorluqla yığdıqları pulları, banklardan götürdükləri milyonları başqa ölkələrə yatıranlar heç bunun fərqindədirlərmi?

İlham Əliyevin protretini başları üzərində asmaq hələ sədaqət nümunəsi deyil. Əsl sədaqət vəzifəni layiqincə yerinə yetirməkdir. Etimadı doğrultmaqdır. Biz bir şeydən əmin olduq ki, bunlar üçün sədaqət hətta kötücələrinə belə milyonlar qoyub, bu dünyanı tərk etməkdən ibarətdir.

Hamılıqla prezidentimizin yanında olmalıyıq, sözdə yox, əməldə! Səmimiyyətimizlə, doğru-düzgün hərəkətlərimizlə ölkə rəhbərinə dəstək olmalıyıq. Bu daha çox dövlət məmurlarına aiddir. Təəssüf ki, onların bir qismi sədaqət pərdəsi altında öz işlərini görməklə məşğuldur. Nəticəsi də belə olur.

Kürsülərdən ağzı köpüklənə-köpüklənə haray-qışqırıq salıb sədaqət yarışına girənlər, görəsən, onun fəlsəfəsini bilirlərmi? Desəm ki, yox, səhv edərəm. Lakin dəqiq bildiyim budur ki, çoxlarının dililə nəbzi bir vurmur. Rüşvətxorluqla, haram yeməklə axıra qədər getmək mümkün deyil!

Bu dünyadan aparacağımız üç metr kəfəndirsə, xalqa sağalmaz yaralar vuran əməllərimizə son qoymalı, dövlətimizin və dövlət başçımızın yanında olmalıyıq".

Vaqif Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol