Həcər Pənahlı: “Nemət Qarabağ qazisinin özünü yandırmasından sarsıldığını dedi”
Qobustan həbsxanasında cəza çəkən meydan hərəkatının qəhrəmanlarından biri, siyasi məhbus Nemət Pənahlı yanvarın 2-də ailə üzvləri ilə telefon əlaqəsi saxlayıb. Bu barədə Musavat.com-a onun həyat yoldaşı Həcər Pənahlı məlumat verib.
H.Pənahlının sözlərinə görə, həyat yoldaşı səhhətindəki problemlərdən şikayətlənib: “Səhhətindəki problemlər, xüsusilə də şəkərə mübtəla olması onu çox narahat edir. Xüsusilə də qapalı şərait şəkər xəstəsi üçün əlavə gərginlik yaradır. Saxlanma şəraiti çox ağırdır, gündə bir dəfə havaya çıxarırlar.
Belə çıxır ki, Nemət cəmiyyət, hakimiyyət üçün çox təhlükəli adamdır deyə, ona bu iztirabları verirlər”. Ancaq H.Pənahlı qeyd etdi ki, N.Pənahlı özünü maksimum formada saxlamaq üçün həbsdə də yoqa vərdişlərindən əl çəkmir: “O, gündəlik yoqa ilə məşğul olur. Onun yerinə kim olsaydı belə durumda çox ağır vəziyyətə düçar olardı. Ancaq yoqa ilə məşğul olur deyə, özünü müəyyən qədər tarazlaya bilir”.
H.Pənahlı bayram günlərində həyat yoldaşı ilə görüşə bilməməsini qapalı təcridxananın qaydaları ilə izah etdi: “Qobustanda 3 aydan bir görüş verilir. Növbəti görüş 25 yanvarda olacaq. Ancaq həftədə iki dəfə telefon danışığımız olur. Hətta bundan əvvəl görüşün vaxtının dəyişdirilməsi xahişi ilə ərizə yazmışdı, ona da baxmadılar”. Həcər xanım onu da bildirdi ki, özünü yandıran Qarabağ qazisi Zaur Həsənovla bağlı hadisə həyat yoldaşını çox sarsıdıb: “Bu hadisədən dəhşətə gəldiyini dedi”.
Xatırladaq ki, N.Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər