Rusiya KİV-nin yaydığı məlumata görə, Ukraynada Odessa vilayətinin qubernatoru təyin olunmuş Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bəyan edib ki, indiki mərhələdə vətən onun üçün məhbəs kamerası ilə assosiasiya təşkil edir. AzPolitika.info-nun məlumatına görə, «Rustavi-2» və «İmedi» telekanallarına verdiyi müsahibədə o, deyib:«Mənim üçün Gürcüstan vətəndaşlığı indi 6 kvadratmetr məhbəs kamerası deməkdir». Bununla Saakaşvili ölkəsinin bir sıra keçmiş vəzifəli şəxslərinin - özünün keçmiş tərəfdaşlarının Tiflis türməsində məhbus həyatı yaşadığını, bəzilərinin isə oturub, məhkəmə qərarını gözlədiyini nəzərdə tutub (Rosbalt).
Həmin şəxslər arasında keçmiş müdafiə naziri Baçana Axalaya, keçmiş daxili işlər naziri Vano Merabişvili və Tiflisin eks-meri Qiqi Uqulava da var.
«Azadlıq radiosu»na müsahibəsində isə Saakaşvili deyib: «Yəni kimsə düşünür ki, mən həmin 6 kvadratmetri Ukraynaya, Gürcüstana, deməli həm də Avropaya fayda vermək imkalarım ilə dəyişəcəm?»
Bu arada xəbər verilir ki, Saakaşvili heç də Gürcüstan pasportundan imtina etmək fikrində deyil. Bu barədə o, özü deyib: «Ukrayna qanunvericiliyi digər dövlətin vətəndaşlığından çıxmaq üçün 2 illik keçid mərhələsi nəzərdə tutur. Burada Ukrayna vətəndaşı olub da digər dövlətin vətəndaşlığından çıxmamaq mümkündür...»
Eks-prezident əlavə edib ki, həmin 2 ildə Ukraynada qarşıya qoyulmuş məqsədlərə çatacağına ümid edir: «Hesab edirəm ki, 2 il - lazım olandan da artıq müddətdir» (Qruziya Online).
Xatırladaq ki, Ukraynanın Baş prokurorluğu Saakaşvilini Gürcüstana ekstradisiya etməkdən boyun qaçırıb və bildirib ki, onu vətənində siyasi motivlərlə təqib edə bilərlər.
Saakaşvili Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin 2013-cü ilin noyabrında keçirilmiş inauqurasiyasından dərhal sonra Gürcüstanı tərk edib. Bundan sona onun barəsində bir neçə cinayət işi qaldırılıb.
Gürcüstan hakimiyyəti hazırda Saakaşvilini İnterpolun xətti ilə axtarışa verməyə çalışır.
AzPolitika.info


Şərhlər