Xarici KİV-in yaydığı məlumata görə, Bolqarıstanla ABŞ bu ilin avqustunda «Cəld cavab» hava-desant bölmələrinin birgə təlimlərini keçirmək niyyətindədir. Bu barədə Bolqarıstan paytaxtında keçirilən brifinqdə Avropadakı ABŞ Silahlı Qüvvələri (SQ) quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodjes məlumat verib (TASS).
Amerikalı general deyib: «Bolqarıstanın coğrafi mövqeyi, tarixi və qonşularla təmasları onu Avropanın bu hissəsində cərəyan edən proseslərin çox əhəmiyyətli iştirakçısına çevirir. Bolqarıstanın liderliyi və NATO-ya üzv olması sayəsində bölgə xeyli möhkəm sabitliyə malikdir...».
İki ölkənin hava-desant bölmələrinin iştirakı ilə avqustda Balçik və Yambol raynlarındakı aerodromlarda keçiriləcək «Cəld cavab» təlimlərinə hazırlıq işlərinə Bolqarıstan müdafiə nazirliyinin verdiyi dəstəyi amerikalı komandan yüksək qiymətləndirib.
Hodjes bildirib ki, Bolqarıstana iki günlük səfərinin məqsədi iki ölkə arasında güclü transatlantik qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini davam etdirmək və «Atlantik qətiyyəti» əməliyyatları çərçivəsində «Novo selo» (Bolqarıstan) poliqonunda amerikalı hərbçilərin keçirdiyi məşqlərə baş çəkməkdən ibarətdir.
Bolqarıstanın müdafiə rəisi, vitse-admiral Rumen Nikolov isə təlimlər barədə deyib: «ABŞ və Bolqaıstan arasında birgə təlimlər və məşqlər bizim hərbçilərin hazırlığını yüksək səviyyədə saxlamağa imkan verir. Münaqişələr dövründə onların sayının azaldılması bizim koalision əməkdaşlığımıza yönəlik cinayətə bərabər olardı...».
Xatırladaq ki, ötən 10 il ərzində Bolqarıstan və ABŞ 200-dən çox birgə təlim və məşqlər keçirib, 2015-ci ilə isə 70 belə təlimin keçirilməsi planlaşdırılıb.
AzPolitika.info


Şərhlər