Sahə üzrə müasir tələblərə cavab verən hüquqi baza yaradılmayıb
Hələ mayın 24-də məlumat yayılmışdı ki, Binəqədi rayonunda baş vermiş yanğınla bağlı aparılan araşdırmalar çərçivəsində Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (Respublika GEM) də prokurorluq tərəfindən müvafiq araşdırmalara başlanıb. Xəbərdə deyilirdi ki, yanğın baş vermiş binanın üzləndiyi örtük materialına (poliuretan olduğu bildirilir) Mərkəz «gigiyenik sertifikat» verib.
Dünən yayılan bir iməlumatda xəbər verildi ki, Respublika GEM-nin direktoru Akif Əlibəyov Baş Prokurorluğa çağırılaraq, dindirilir. Bu gün isə sövügedən qurumun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb ki, Mərkəzin heç bir işçisi saxlanmyıb, o cümlədən, Əlibəyov da bu gün iş başındadır. Bununla belə, şöbə rəsi Anar Qədirli bildirib ki, məlum yanğın hadisəsi ilə bağlı Mərkəzdə araşdırmalar aparılır, müvafiq sənədlər araşdırmaçılara təqdim ounub və s.
Nə demək olar? Tipik «söz atışması»dır və problemin mahiyyətinə hər-hansı aydınlıq gətirmir. Sanki «hər şey yaxşıdır» deməklə, vəziyyət düzələcəkmiş - təkcə həlak olanları geri qaytarmaq mümkün deyil, yaralılara da Allah kömək olsun və s. Baqa sözlə, baş verənlərdən müvafiq nəticələr çıxarmaq - ibrət götürmək və fəaliyyətində korrektələr aparmaq əvəzinə, Respublika GEM ətalət üzrə riyakarlığından qalmır...
Qeyd etmək lazımdır ki, sahə üzrə vəziyyət biz düşündüyümüzdən də mürəkkəb və ağırdır. Fəqət, bunun günahkarı kimi təkcə Respulika GEM-ə və ya onun rəhbərinə barmaq tuşlamaq yanlış olardı. Nədən ki, Mərkəzin fəaliyyəti ölkədə uzanıb gedən «saxtakarlıq zənciri»nin yalnız bir həlqəsidir. Bu saxtakarlığı və deməli, onun doğurduğu fəlakətli nəticələri önləmək üçün onun mahiyyətinə varmaq, bəla ilə mübarizəni bu əsas üzərində sərgiləmək lazımdır. Başqa sözlə, Akif Əlibəyovu və qeyrisini lap edam etsələr belə, ölkədə mövcud «total saxtakarlıq» mühiti dəyişməyəcək!
Vəziyyəti pozitivə doğru dəyişmək üçün mövcud problem kompleks yanaşma tələb edir. Bu barədə ötən illər ərzində silsilə məqalələr yazmışam. Hələ 2004-cü ildə «Bakı-xəbər» qəzetində dərc oluuş «Sanitariya-epidemioloji salamatlıq təmin olunurmu?» başlıqlı silsilə məqalədə mütəxəssislərin fikirlərinə söykənib, yazmışdım ki, bu gün Azərbaycanda bu sahə üzrə total bir anarxiya hökm sürür!
2006-cı ildə «Olaylar» qəzetində dərc olunmuş digər məqalədə yazmışdım ki, Azərbaycan Respublikasında dayanıqlı yer almış «sanitariya-epidemioloji salamatsızlıq mühiti»nin ərsəyə gəlməsinin əsas və görünən səbəblərindən biri və bəlkə də ən əhəmiyyətlisi, sahə üzrə qaydasızlığın, pərakəndəliyin tüğyan etməsidir. Bunu da sahə üzrə «fəaliyyətdə olan» dövlət (hökumət) qurumlarının sayının yolverilməz həddə qədər çox olması ilə izah etməyə cəhd göstərmişdim. Gəlin, formal olaraq ölkədə «sanitariya-epidemioloji salamatlıq mühiti» yaratmaq missiyası ilə «yüklənmiş» qurumların sayına və adlarına diqqət yetirək: Səhiyyə Nazirliyinin tərkib hissəsi olan Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (Respublika GEM), rayonların GEM-i, Respublika Karantin Xidməti, Kənd Təsərrüfatı Nazirliyinin tərkib hissəsi olan Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitariya Xidməti, Standartlaşdırma, Metrologiya və Patent Komitəsi və s. Əslində isə bu qurumların hər biri «avtonom fəaliyyət» göstərdiyi səbəbindən, ölkədə «salamatlıq mühiti» yaratmaq istiqamətində effektli təcrübə nümayiş etdirmək imkanlarından demək olar, məhrumdur. Başqa sözə, «hərəsi bir küncdə öz başının milçəyini qovmaqla vaxt ötürür». Hesab sorulan məqamlarda isə hər kəs yaxasını kənara çəkməklə, işləri bitmiş hesab edir...

Bir başqa problem isə Azərbaycanda müvafiq fəaliyyət istiqamətini tənzimləyən və müasir dövrün tələblərinə cavab verən mükəmməl hüquqi bazanın olmamasıdır. 1992-ci ildə qəbul olunmuş «Sanitariya-Epidemioloji Salamatlıq haqqında» Azərbaycan Respublikası Qanunu artıq çoxdan köhnəlib və müasir tələblərə cavab vermir. Mükəmməl hüquqi bazanın olmaması isə sahə üzrə gerçək bir anarxiyanın formalaşması ilə nəticələnib. Məsələn, Respublika GEM (rayon GEM-ləri və s.) həmin qanunla öz nəzarət funksiyalarını həyata keçirmək üçün Ədliyyə Nazirliyindən «icazə» almağa məcbur edilir. Bu boyda da absurd olarmı?! Məhz bu cür yanaşmanın məntiqi nəticəsidir ki, çağdaş Azərbaycanda bir «sanitariya-epidemioloji nihilizm» tüğyan edir!
Ardınca gəlir, sahə üzrə fəaliyyəti tənzimləyən digər normativ-hüquqi bazanın (müasir standartların, normativlərin, təlimatların, metodikaların) yaradılması məsələsi. Bu istiqamət üzrə vəziyyət daha acınacaqlıdır! Belə ki, SSRİ-dən qalma belə sənədlərin əksəriyyəti müasir tələblərə cavab vermir, yeniləri isə yaradılmayıb. Digər tərəfdən isə elə həmin normativ sənədlərdən hazırda hansıların qüvvədə saxlandığı, hansıların «dövriyyə»dən çıxarıldığı da bəlli deyil. Bu da istiqamət üzrə formal yanaşma kimi neqativ bir təcrübə formalaşdırıb. Məsələn, sınaqlar üçün mal və məhsullardan nümunələrin götürülməsi sahəsində total bir qaydasızlıq, deməli saxtakarlıq-formallıq hökm sürür. Amma SSRİ dönəmində sınaqların obyektivliyini və effektliliyini təmin etmək məqsədilə xüsusi standartlar - «Nümunələrin götürülməsi qaydaları» tətbiq olunurdu ki, nümunələr də onların tələblərinə uyğun götürülüb, sənədləşdirilir və «paylaşdırılırdı». İndi belə şeylərə məhəl qoyan yoxdur və hər kəs əlində bir-iki vahid «nümunə» və cibində də «bir qədər pul» götürüb gəlir, məsələn, Standartlaşdırma Komitəsinə və ya Respublika GEM-ə. «Nümunə»ni sınaq üçün təqdim edib, pulunu (guya ki, rüsumu) ödəyir. Müəyyən olunmuş vaxt yetişərkən də gəlib «uyğunluq sertifikatı»nı və ya «gigiyenik sertifikat»ını alıb, «varıb da gedir». Daha sınaqçını heç maraqlandırmaz ki, sınağa çəkdiyi «nümunə» haradandır, hansı məhsuldandır? Fəqət, verdiyi «uyğunluq» və ya «təhlükəsizlik» sənədi böyük partiyalarla saxta (keyfiyyətsiz, təhlükəli) məhsula şamil olunur. İndiki yanğın epizodunda «penopoliuretan»la olduğu kimi. Özlüyündə aydındır ki, əgər Respubdika GEM həmin üzlük materialına «gigiyenik sertifikat», Standartlaşdırma Komitəsi isə «uyğunluq sertifikatı»veribsə, böyük ehtimalla verib, məsuliyyət daşıyır və cəzasını da almalıdır. Fəqət, mövcud şəraitdə kimi isə cəzalandırmaqla vəziyyəti dəyişmək mümkün olmayacaq...
Ümumiyyətlə, çağdaş Azərbaycanda sertifikatlaşdırma haqqında qüvvədə olan qanun(lar) işə yaramır, mükəmməl deyil və saxtakarlığa yol açır. Bu səbəbdən, qanunun özü və çalışmanın prosedur qaydaları yenidən işlənməlidir. Nə yazıq ki, «çak-çuk» müvafiq qurumların başını necə qatıbsa, belə mətləblər heç yada da düşmür.
Bu yerdə bir haşiyəyə çıxmaq pis olmazdı. Səhv etmirmsə, hələ 2003-cü ildə ölkə televiziyaları «Dove» markalı şampunu qızğın reklam edirdi. Məsələ ilə maraqlandım - reklam şirkəti ilə danışdım və onlar mənə həmin şampunun «gigiyenik sertifikatı»nı göndərdilər. Sertifikatı səhiyyə nazirinin müavini, ölkənin baş sanitariya həkimi hörmətli Abbas Vəlibəyov, məhsulun laborator «sınaq protokolu»nu isə həmin Akif Əlibəyov imzalamışdı. Sənəddə yazılmışdı: «Bu sertifikat filan tarixdə imzalanmış müqavilə əsasında, filan tarixdə Azərbaycana gətiriləcək «Dove» markalı yuyucu vasitəyə verilir»! Formalizmin, saxtakarlığın miqyasına diqqət yetirdinizmi? Bizim baş sanitariya həkimimiz hələ Azərbaycana gətirilməmiş (gətiriləcəyinə isə heç kimin zəmanət vermədiyi) bir əmtəəyə «təhlükəsizdir» işığı yandırmışdı. Özü də şampuna yox, «yuyucu vasitəyə». Məlumdur ki, yuyucu vasitə xeyli geniş anlayışdır və şampun da yuyucu vasitənin yalnız bir növüdür...

SSRİ illərində Azərbaycanda inşaat sektoruna aidiyyatı olan bir hökumət qurumu da fəaliyyət göstərirdi - Tikinti Materialları Sənayesi Nazirliyi. İndi belə qurum daha yoxdur. Ölkəyə tikinti materiallarının gətirilməsi, onların ölkədə istehsalı sahəsində fəaliyyət demək olar, tənzimlənmir. Təxminən, belə: pulunu ver - gətir, haqqını ödə - istehsal elə. Daha nəyin gətirilməsi, nəyin istehsal olunması heç kimi maraqlandırmaz...
Bu günlərdə KİV-lər bir həmyerlimizin (Professor-doktor Qüdrət İsaqov, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya juranalı baş redaktorunun müavini) məlum yanğın hadisəsi ilə bağlı qələmə aldığı məqaləsini dərc edib. Həmin məqalədə müəllif yazır ki, Binəqədidəki məlum bina ELMSİZLİKDƏN YANIB! Gerçəkdən, belədir. İndi ölkədə az-çox, elmi-savadı olan mütəxəssislərin əksəriyyəti «oyundan kənar» vəziyyətə salınıb, yekəbaşlar-kəlpeysərlər isə «bulanıq suda balıq tutur»!
Belə bir acınacaqlı duruma gətirilmiş ölkədə JEK müdirini, GEM direktorunu və s. tutub dağlasan da, heç nə dəyişən deyil.
Mirzə AĞ
AzPolitika.info

Şərhlər