“Hər bir sənədə görə Gülağa Aslanlıya 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm"
İyunun 3-də Müsavat Partiyası Mərkəzi İcra Aparatı adından yayılan bir bəyanatda bildirilirdi ki, Avropada mühacir statusu almaq üçün partiyanın adından istifadə edənlər var.
Müsavat Partiyası başqanının müavini, Mərkəz İcra Aparatının rəhbəri Gülağa Aslanlı tərəfindən hazırlanan bəyanatda deyilirdi: “”Müsavat Partiyasının ölkədə və xaricdə nüfuzundan istifadə edərək, bəzi işbazlar müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlər verirlər.
Belə hallar haqda bizə məlumat verildikdə partiya tərəfindən gərəkli addımlar atılmasına baxmayaraq, mühacirlərin təhlükəsizliyi naminə bu məsələlər bizim tərəfimizdən ictimailəşdirilməyib. Lakin son vaxtlar bu tipli məsələlərdən biri bizdən asılı olmayaraq ictimailəşdirildiyi, partiyanın və tanınmış hüquq müdafiəçilərindən birinin adı yersiz hallandırıldığı üçün biz məsələyə aydınlıq gətirməyi zəruri sayırıq.
Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılmış və saxta olduğu təsdiq olunmuşdur.
Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır."
Bəyanata həmçinin Müsavat Partiyası Mərkəzi İcra Aparatı adından imzalanan və möhürlənən xüsusi blank və Belçika ölkəsinin Miqrasiya İdarəsi tərəfindən Müsavat Partiyasına ünvanlanan sənədlərin surətləri də əlavə olunub.

Müsavat Partiyasının bu bəyanatında adı çəkilən E.Mirzəyev isə "Yeni Müsavat" qəzetinə sensasiyalı açıqlamalar verib. E.Mirzəyev deyib ki, bu bəyanat partiyanın onu aldatdığını sübut edir: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, ”2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər".
Mühacir bildirib ki, G.Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən alıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”.
E.Mirzəyev dedi ki, onun oturum alması məsələsində heç bir dəyişiklik yoxdur. Müsahibimizin sözlərinə görə, hələ ki növbəti müsahibə baş tutmayıb: “Belçika dövləti oturum verməsə də, həyatımızı yaşayacağıq. Pislikləri özlərinə qalsın. Amma mən əlimdəki bütün sənədləri Qənimət Zahidə verəcəm, qoy o bu mövzunu ”Azərbaycan Saatı" verilişində yayımlasın. Axı bu bəyanatı yaymaqla nə oldu? Bunun adı pislikdir, başqa adı yoxdur. İnsanlara saxta sənədlər satmısız və mən yeganə adam deyiləm. Sizin qəzetinizə müsahibənizdən sonra Eldar Zeynalov Mirzə Sakitə müraciət edib ki, niyə onun adını çəkmişik. Halbuki o adam mənimlə bağlı miqrasiya idarəsinə yalan məlumatlar verirdi. Eldar Zeynalov dövlətə satılmış hüquq müdafiəçisidir. İndi Müsavat Partiyası başqanının müavini onu hörmətli adam kimi təqdim edir".
E.Mirzəyev bu məsələni sona qədər araşdıracağını və Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağını deyib: “Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”.

Sonra o mənə yazıb ki, məni Tofiq Yaqublu partiyaya qəbul etdirib. Mən də bunu vəkili vasitəsilə Tofiq bəydən soruşmuşam. O da deyib ki, əgər partiyaya üzv olmaq üçün onun ərizəsi yoxdursa, qəbul etdirmək söhbəti olmaz. Mən Tofiq Yaqubluya özüm qədər inanıram. O belə iş görməz".
G.Aslanlı deyib ki, qarşı tərəfin ona pul verməsi ilə bağlı irəli sürdüyü iddia ağ yalandır. Bunu sübut etmək istəyən şəxs məhkəməyə müraciət etsin: “Görək orda kim kimə nəyi sübut edəcək. Cəmiyyətdə məni tanıyanlar bilir iki, heç vaxt əqidəmi pula satmamışam. Mənim adıma yapışan şey deyil. Versin məhkəməyə. Dediyində həqiqət varsa, mənə pul verdiyini sübut etsin məhkəmədə.
Elə olsa qanun qarşısında, qanuna tabe olmağa və Müsavat üzvləri qarşısında da üzr istəməyə hazıram. Məni pulla almağa cəhd edən hakimiyyət buna nail olmayıb. Heç kimin 700 manatına qalan kişi deyiləm. Belə şərlə məşğul olmaqdansa özünə başqa peşə tapsın. Mən faktları ortaya qoymuşam. İmzam, möhür, blank uyğun gəlirmi? Yox. Fakt budur”.


Şərhlər