Rusiyanın müstəmləkəsinə çevriləndən (rəsmi olaraq, 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlandığı tarix) sonrakı dövrdə Quzey Azərbaycanda rus dili hakim olub. Amma bu diyarda yaşayan milyonlarla azəri türkü ana dilini qoruyub saxlayıb - bu dilə bayatı, türkü deyib, romanlar, şerlər yazıb...

XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə öz müstəqilliyinə qovuşan Azərbaycanda çox gözləntilərimiz olub. Onlardan biri də ana dilimizin hakim mövqeyə yüksəldilməsi arzusu idi. Ana yasamızda «Azərbaycan Respublikasında dövlət dili türk dilidir» müddəasını təsbit etməklə, ümid bağladıq ki, yüz illər boyunca boyunu sevdiyimiz bu istək, nəhayət, reallığa çevriləcək. Fəqət, belə olmadı - fələk bizə «sən saydığını say, gör mən nə sayıram» ismarıcı yolladı...

Az keçmiş, ana yasamızda «dəyişiklik» edildi. Yazdılar ki, xeyir aaa, bu ölkədə dövlət dili gərəkdir ki, «Azərbaycan dili» olsun. Dedik və elədik. Elə həmin gündən də «ana dili»mizə arxa çevirdik, onun ahəstə-ahəstə deqradasiyaya məruz qoyulmasının fərqində olmadıq...

İllər keçdi və bir də məlum oldu ki, Azərbaycanın baş kəndi Bakı şəhərindki ümumtəhsil məktəblərinin builki məzunlarının (təxminən, 31 min nəfər) yarıdan çoxu «ana dili» imtahanından «qeyri-kafi» qiymət alıb! Məlumatı dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yayıb: «...İyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının nəticələrinin göstəricilərini açıqlayıb... Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55,85 faizi... «2» qiyməti alıb...».

Məlumatı oxuduqca üzüldüm... üzüldüm və büzüşüb yumaq boyda oldum! Üzücü düşüncələrə baş vurdum. Onlar da məni «mütaliəmin keçmiş səhifələri»nə ekskursiyaya apardı. Gördüm, qarşımda iri bir sual işarəsi boy verir - milləti formalaşdıran əsas amillər hansılardır? Birdən, qarşımda səhifə açılır və mən oxuyuram: müəyyən ərazidə məskunlaşmış toplum dil çətiri altında toplaşır, birləşir və millətə çevrilir. Deməli, dil yoxdursa, millət də yoxdur. Oxşayır ki, «latın milləti»nin başına gəlmiş fəlakət (onun yoxa çıxması) Azərbaycanda «ana dili»mizin başına gəlir! Başqa sözlə, bu minvalla, az müddətdən sonra Azərbaycanda «ana dili» sıradan çıxacaq, toplum isə qalacaq? Bəs, bu toplumu nə birləşdirəcək?

Sonra bunun səbəblərini aramağa baş vurdum. Birdən xatırladım ki, ayə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında axı bir «ana dili» komissiyası var. Aradım, oxudum ki, bu komissiyanın sədri... kim olsa yaxşıdır? Bax, bizim bu Artur Rəsizadə! O saat barmağımı dişlədim...

Sonra komissiya haqqında bir mənbənin məlumatı əlimə keçdi. Sən demə, hər il fevralın 21-i günü beynəlxalq Ana Dili günüdür. 22 fevral 2011-ci il tarixində «Azadlıq radiosu»na verdiyi müsahibədə türkoloq, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev Azərbaycanda «Ana Dili»nin bu günü barədə maraqlı fikirlər səsləndirib: «Azərbaycan dilinin sovet dövründə ancaq yuxarı səviyyədə qarşısı alınırdı. Yoxsa ana dili orta məktəblərdə tədris olunurdu, yüksək səviyyəli dərsliklər vardı. İndi belə şeylər yoxdur. İndi sadəcə, ana dilinin işlənməsi üçün azadlıq var. Dövlət tribunalarında, bütün məclislərdə prezident də, nazirlər də ana dilində danışır. Bu yaxşıdır. Hətta ana dilini qoruyan dövlət təşkilatı var. Nazirlər kabinetində Dil Komissiyası yaradılıb. Təşəbbüskarı da mən olmuşam. O dil komissiyası mətbuatda, dövlət idarələrində dilə nəzarət edir. Amma bu nəzarət formaldır...».

Belədə, fikirləşdim ki, görəsən nə üçün formaldır? Axtarışlara baş vurdum və... başqa bir mənbənin məlumatına rast gəldim:

“Artur Rəsizadənin Azərbaycana olan «sevgisi»ni işlətdiyi bir cümlə ilə müəyyən etmək olar: «Dünyada ən nifrət etdiyim dil Azərbaycan dilidir...»».

Elə buradaca dayanaq - daha nəyi şərh edəcəyik ki? Amma qorxuram ki, təhsil naziri bu yazını oxuya, mən də onun yanında «şərməndə» qalam...

Mirzə AĞ

AzPolitika.info