Menu

Təhsil Nazirliyindən TQDK-nın elan etdiyi nəticələrlə bağlı AÇIQLAMA - "Sevindirici haldır..."

05.06.2015, 16:16
Təhsil Nazirliyindən TQDK-nın elan etdiyi nəticələrlə bağlı AÇIQLAMA - "Sevindirici haldır..."

[caption id="attachment_125413" align="alignleft" width="300"] Bu foto Cəlilabad rayonunda kənd məktəblərindən birində çəkilib[/caption]

"3 alan şagirdlər kafi bilik səviyyəsinə malikdirlər və bu məzunların uğursuz olmalarını iddia etmək doğru deyil" 

Təhsil Nazirliyi iyunun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Bakıda XI və IX siniflər üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrinə münasibət bildirib. Təhsil Nazirliyindən lent.az-ın sorğusuna verilən cavaba görə, TN buraxılış imtahanlarının nəticələrin şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir: “Mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil”.

Professor Şahlar Əsgərov da TQDK-nın buraxılış imtahanlarının nəticələri ilə bağlı şərh verib:

“IX sinif üzrə ana dili fənindən 86,5 faiz, riyaziyyatdan isə 86 faizə yaxın, XI sinif üzrə ana dili fənindən 91,2 faiz, riyaziyyat fənindən 92,5 faiz , ingilis dili fənindən 93,5 faiz məzun müvəffəq qiymət alıb.

Buraxılış imtahanlarının nəticələrinin neqativ fonda göstərilməsi doğru deyil və reallığı əks etdirmir. Birincisi, həmin nəticələrdə göstərilən 2 və 3 qiymətlərinin faiz göstəricilərinin birlikdə götürülməsinin heç bir elmi əsası yoxdur. 3 alan şagirdlər kafi bilik səviyyəsinə malikdirlər və bu məzunların uğursuz olmalarını iddia etmək doğru deyil. İkincisi, dünyanın bir çox təhsil sistemlərində də şagirdlərin 10-30 faizi orta təhsil səviyyəsini bitirə bilmir. Sevindirici haldır ki, mən statistika ilə tanış olduqda gördüm ki, Bakı şəhərində tam orta təhsil səviyyəsini ana dili fənni üzrə hər 5 şagirddən biri, riyaziyyat fənnindən hər 4 şagirddən biri, ingilis dili fənni üzrə hər 3 şagirddən biri əla qiymətlərlə bitirib. Sadəcə olaraq, faktı və rəqəmi necə çatdırmaqdan çox şey asılıdır və uzun illər ərzində mediada imtahan nəticələrinin neqativ fonda tirajlanması siyasəti məzunların müsbət göstəricilərinə kölgə salır.

Təhsilin keyfiyyəti haqqında ictimaiyyəti tam və düzgün məlumatlandırmaq üçün TQDK tərəfindən keçirilən imtahanların sualları, şagirdlərin bu suallara verdiyi cavablarla bağlı statistika, nəticələrə təsir edən müxtəlif amillər haqqında məlumat təqdim edilmir. Bu halda təhsilin keyfiyyəti haqqında ictimaiyyətdə elmi əsası olmayan pessimist təəssürat formalaşır”.

Təhsil üzrə ekspert Əjdər Ağayev də nəticələrə münasibət bildirib. Onun sözlərinə görə, TQDK-nın imtahanlarının ötən günkü nəticələrinə əsasən, 11-ci sinif məzunları ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilirlər: “Belə ki, ümumilikdə məzunların ana dili fənni üzrə 20,8 faizi 5 aldığı halda, ingilis dili fənni üzrə 28,2 faiz məzun əla qiymət alıb. Ümumilikdə isə, ana dili fənni üzrə 2 alanların sayı ingilis dili üzrə 2 alanların sayından daha çoxdur ki, bu da bir sıra suallar yaradır”.

Onun sözlərinə görə, belə bir absurd nəticənin səbəbi TQDK tərəfindən imtahanların çətinlik səviyyəsinin müxtəlif olması ilə bağlıdır: “Belə ki, subyektiv səbəblərdən TQDK müxtəlif illərdə çətinlik səviyyəsinə görə fərqlənən imtahanlar keçirir. 11-ci sinif məzunlarının ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilməsi inandırıcı görünmür. Bu halda buraxılış imtahanlarının nəticələrinin təhsilin keyfiyyət göstəricisi kimi qəbul edilməsi doğru deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol