“Opera Sky”dakı olayda suçlu bilinən generalın yaxınları Ali Məhkəməyə şikayət etməyəcək
Xətai Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən prezidentin mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun bacısı övladları Osman və Sultan İsayevlər, onlarla bərabər həbs edilən Rauf Həsənli, Amil Şirəliyev Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etməyəcəklər. Bu haqda “Yeni Müsavat”a İsayevlərin adının çəkilməsini istəməyən yaxını məlumat verib.
Həmin şəxs deyib ki, Bakı Apelyasiya Məhkəməsində üzləşdikləri qanunsuzluq, haqsızlıqdan sonra Ali Məhkəməyə şikayət etməkdən vaz keçiblər: “Osmana deyiblər ki, sizi ”zon"lara göndəririk. Yuxarıdan tapşırıblar ki, hərəsini bir yerə göndərin. Biz istəyirdik ki, onlar Bakı İstintaq Təcridxanasında saxlanılsınlar. Amma dedilər ki, mümkün deyil, bölgü zamanı hara düşəcəklərsə, ora göndəriləcəklər. Başqa cür mümkün deyil. Xətai Məhkəməsində, sonradan Bakı Apelyasiya Məhkəməsində iş üzrə şikayətçinin, zərərçəkənin, şahidlərin olmaması nəzərə alınmadı. Yəni məhkəmələr şikayətçi, zərərçəkən, şahid olmadan ittihamı möhürləyib uşaqlara iş verdilər. Ali Məhkəmədə də eyni qaydanın tətbiq ediləcəyini bildiyimizdən şikayət verməyin əbəs olduğunu düşündük. Bir nəfəri zorla şikayətçi, zərərçəkən etmişdilər, o da gəlib məhkəmədə dedi ki, mən bu uşaqları tanımıram, görməmişəm, onlardan da şikayətçi deyiləm. Dedi ki, restoranda içib, ayağı ilişib yıxılıb və burnu əzilib. Məni heç kim döyməyib, söyməyib. Amma nə Xətai Məhkəməsinin hakimi, nə də ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi bunu da nəzərə almadı".
İsayevlərin yaxınının dediyinə görə, əslində “Opera Sky” restoranında dava olmayıb. Hazırda həbsdə olan generalın yaxınları ilə restorana gedən mühüm nazirlərdən birinin bacısı oğlu rəqs edərkən xanımlardan birinə toxunub:
“Həmin qızın ”teloxranitel"i nazirin bacısı oğlunu vurmaq istəyib. Buna görə də onunla uşaqların arasında süpürləşmə olub, yəni dava olmayıb. “Teloxranitel”i nazirin bacısı oğlunu vurmağa qoymayıblar. Osman da deyib ki, bura bir mühüm xanıma (adını deyir) məxsus obyektdir, gəlin restorandan gedək. Və uşaqlar da restorandan çıxıb gediblər. Orada bir qaşıq, çəngəl, stəkan belə qırılmayıb. Allah uşaqları hifz etsin, hamını şər-böhtandan qorusun".
İsayevlərin yaxını deyib ki, adi bir anlaşılmazlığa görə 4 ali təhsilli gəncə ağır cəzalar verilib: “Osman və Sultan İsayevlər İqtisad Universitetini, digər iki dostları isə Bakı Dövlət Universitetini bitiriblər. Yəni bu uşaqlar küçədən keçən biriləri deyillər. Uşaqlar dostları ilə istirahət etməyə gediblər və belə bir xoşagəlməz hadisə baş verib. Nə deyək, Allah qapılarını açsın”.
Xatırladaq ki, Xətai Rayon Məhkəməsi İsayevləri 2 il müddətinə azadlıqdan məhrum edib. Onlarla həbs olunan R. Həsənli 2, A.Şirəliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.(azadlıq.info)

Şərhlər