Menu

“AKP-MHP koalisiyası mümkündür”

08.06.2015, 18:06
“AKP-MHP koalisiyası mümkündür”

Elxan Şahinoğlu: “Güman ki, hərbçilər AKP-HDP birliyinə, radikal kürdlərin istəklərinə seyrçi qalmayacaq”

Türkiyədə keçirilən 7 iyun seçkisi AKP-nin təkhakimiyyətliliyinə son qoyub. AKP səslərin cəmi 40,70 faizini toplaya bilib. Ötən seçki ilə müqayisədə geriləyən ikinci partiya ana müxalifət CHP-dir. AKP-nin keçmiş elektoratı səslərini MHP və HDP-yə verib. Bununla da MHP ötən seçki ilə müqayisədə səslərini 3,5 faiz artırıb, HDP isə 13 faiz toplayaraq parlamentdə təmsilçilik həddini keçə bilib. Artıq indidən qardaş ölkənin siyasi həyatının yaxın gələcək üçün yetərincə hərəkətli olacağını deməyə əsas var. Seçkidən çıxan nəticələr və Türkiyənin yaxın gələcəyi ilə bağlı “Yeni Müsavat”ın suallarını Elxan Şahinoğlu cavablandırır.

- Elxan bəy, Türkiyədə 7 iyun parlament seçkisinin nəticələrini necə dəyərləndirirsiniz?

- 3 ssenari mümkündür. Birinci ssenari Türkiyədə koalisyon hökumət formalaşması, ikinci ssenari azlıq hökuməti qurulması, yəni hansısa partiya hökumətdə təmsil olunmur, ancaq ölkə hökumətsiz qalmasın deyə kənardan səs verir, üçüncü ssenari isə növbədənkənar seçkilərin keçirməsidir. Hər bir ssenarinin çətinlikləri var. Növbədənkənar seçki problemi həll etməyəcək, nəticələrin indikindən ciddi fərqlənəcəyini düşünmək yersizdir. Ona görə də heç bir partiya yeni seçkidə maraqlı görünmür.

- Sizcə, koalisyon hökumət hansı partiyalar arasında qurula bilər?

- Burda da bir neçə variant var. Birinci variant odur ki, AKP qalib partiya kimi müxalifətin hər 3 partiyasından birinə koalisiya qurmağı təklif edir. AKP-CHP koalisiyası problematikdir. Qalır iki variant: ya AKP MHP-yə, ya da Xalqların Demokratiya Partiasına (HDP) koalisiya qurmağı təklif edir.

- Axı, MHP və HDP liderləri AKP ilə ortaq koalisiyada yer almayacaqlarını vurğulayıblar…

- Onların mövqeyi dəyişə də bilər. MHP və HDP AKP-yə “yox” deməklə keçmiş iqtidarın işini çətinləşdirir və gələcək şərtlərinin sayını çoxaldırlar. Mən AKP-MHP koalisyonuna üstünlük verirəm. Doğrudur, Ərdoğan-Davudoğlu ikilisi və Baxçalı çox kəskin qarşılıqlı ittihamlar səsləndiriblər. Ancaq bu, seçki kampaniyası idi, indi isə gündəmdə ölkənin taleyidir, məsuliyyətli olmaq gərəkir. MHP dövlətçilik və millətçilik adına məsuliyyətli partiyadır, parlamentdə təmsil olunan HDP-nin hakim koalisyonda yer almasını istəməz. Çünki əks halda kürd radikalizmi Türkiyə tarixində ilk dəfə idarəetmədə yer ala bilər. Bu isə o deməkdir ki, HDP hökumət ortağından PKK lideri Abdullah Öcalanın sərbəst buraxılmasını tələb edəcək, nəticədə Türkiyə qarışacaq.

- Türkiyənin iç siyasətinə bütün dönəmlərdə ordunun da güclü təsiri olub. Silahlı Qüvvələrin davranışları nə deyir?

- Hərbçilərin AKP-HDP birliyinə, radikal kürdlərin istəklərinə seyrçi qalmayacaqlarını güman etmək olar. Bu qorxulu ssenarinin qarşısının alınmasının iki yolu var: ya AKP-MHP koalisyonu qurulmalı, ya da MHP məsuliyyəti AKP ilə bölüşmək istəməsə də səsləri ilə kənardan AKP-nin hökumət formalaşdırmasına yaşıl işıq yandırmalıdır. İkinci variant MHP-yə AKP-nin siyasətini nəzarətdə saxlamaq imkanı verəcək. MHP-nin koalisiyada yer alması Azərbaycanın da maraqlarına uyğundur.

- 3 müxalifət partiyasının hökumət qurması perspektivini necə dəyərləndirirsiniz?

- 3 müxalifət partiyası ilkin danışıqlarda AKP-yə “yox” deyəcəklər. Bu həmin partiyaların 13 illik təkbaşına AKP iqtidarına ilk güclü silləsi olacaq. Buna rəğmən, CHP-MHP-HDP koalisiyasını mümkün saymıram. Radikal kürdlərlə milliyyətçi türklərin eyni komandada yer alması az ehtimal olunandır. CHP belə bir koalisiyaya çox ümid edir, hətta Kamal Kılıçdaroğlu belə bir hökumətin baş naziri olmasına həvəslidir. Ancaq bu cür ziddiyyətli birlik heç bir neçə ay da ömür sürməz, Türkiyəni daha ağır xaosa sürükləyər.

- AKP-nin təkbaşına hökumət formalaşdıra bilməməsi prezident Rəcəb Təyyub Ərdoğan üçün hansı çətinliklər yaradır?

- AKP lideri Əhməd Davudoğlu keçən parlament seçkiləri ilə müqayisədə partiyasının səsini 9 faiz azaltdı. Bu, ciddi uğursuzluqdur. Halbuki, Ərdoğan AKP lideri və baş nazir ikən hər seçkidən qalib ayrıldı. Davudoğlu seçki kampaniyasında seçiciləri arxasınca apara bilmədi. Bu da təbiidir. Akademik çevrələrdən siyasətə gələn Davudoğlu Ərdoğan qədər xarizmatik deyil, natiqlik qabiliyyətində də liderindən geri qalır. Həm də axı Davudoğlu xarici işlər naziri kimi hansı uğuruna görə AKP liderliyinə və baş nazir postuna gətirilmişdi? Davudoğlu nə haqqında çox danışdığı “qonşularla sıfır problem” siyasətini reallaşdıra bildi, əksinə, qonşularla problemlərin sayı artdı, nə də Türkiyəyə əlavə dost qazandırdı. Ərdoğan meydanlara düşməsəydi, Davudoğlu AKP üçün indikindən də az səs toplayacaqdı. Ancaq Ərdoğanın meydanlara düşməsinə rəğmən, AKP-nin parlamentdə səslərini azaltması onun siyasi məsuliyyətini artırdı. Çünki birincisi, illərdir “koalisyonlar ölkəni uçuruma apardı” deyən prezident indi seçki nəticələrinə görə öz sözündən geri çəkilərək koalisiya hökumətinin formalaşdırılmasına yaşıl işıq yandırmaq məcburiyyətindədir, ikincisi “Türkiyə parlament respublikasından prezident respublikasına çevrilməlidir” şüarını ən azı gələn seçkilərə qədər unutmalıdır. Beləliklə, Ərdoğan ikiqat zərbə aldı.

- Ərdoğan qarşısına qoyduğu digər hədəflərdən də əl çəkməli olacaqmı?

- Prezident gerçəkdən də qarşısına böyük hədəflər qoymuşdu: prezident səlahiyyətlərinin artırılması, yeni İstanbul kanalının reallaşması, “paralel dövlətin” bitirilməsi və s. Görünən odur ki, koalisyon hökumət Ərdoğanın hədəf və istəklərini yerinə yetirməyə borclu deyil, tam əksinə, onun siyasətdəki rolunu azaltmağa çalışacaq.

- Seçki nəticələri Ərdoğan-Gülən savaşı üçün nələr vəd edir?

- Ərdoğan Fətullah Gülənlə mübarizə apararkən, nurçuları dövlət vəzifələrindən uzaqlaşdırarkən, müxalifət partiyaları bunun əleyhinə çıxırdılar. Ona görə yeni qurulan koalisyon hökumətin “Ərdoğan istəyir” deyə Fətullah Gülənlə mübarizə aparmayacaq. Tam əksinə, necə ki, Ərdoğan prokurorların “hərbçilər çevriliş planlayırlar” ittihamlarına dəstək verərək hərbçilərin kütləvi həbslərinə razılıq verdi, ancaq sonra Gülənin toruna düşdüyünü etiraf edərək hərbçiləri azad etmək məcburiyyətində qaldısa, eləcə də indi həbs edilən gülənçilərin yaxın müddətdə azad olunacaqları istisna deyil. Ərdoğanı başqa çətinliklər də gözləyir. O, AKP hökumətini tez-tez prezident sarayına çağırıb müzakirələr aparırdı. Aydın görünürdü ki, hökuməti baş nazir yox, prezident idarə edir. Koalisyon hökumət isə Ərdoğanın rəhbərliyi altında müzakirələr aparmaq istəməyəcək. Bu amil də Ərdoğanın mənliyinə toxunacaq. Ən pis ehtimal isə yaxın perspektivdə AKP içində Ərdoğana qarşı çıxanlarının sayının artmasıdır. Məğlubiyyəti bölüşmək istəyənlərin sayı az olur. Vaxtilə hakim Ana Vətən və Doğru Yol Partiyaları bu şəkildə yox oldular.

- O zaman Ərdoğanın Ana Yasa (konstitusiya) dəyişikliyi arzusu da tarixə qovuşur, deyilmi?

- AKP 13 ildə yeni konstitusiya qəbul edə bilmədisə, koalisyon hökumətin bunu edəcəyi qətiyyən inandırıcı deyil.

- Qarşıdakı seçkidə 10 faizlik səddin götürülməsi də müzakirə mövzusudur. Bu məsələnin perspektivinə necə baxırsız?

- Türkiyədə 1980-ci ildə hərbi çevrilişi həyata keçirən generalların partiyaların parlamentə düşməsi üçün 10 faizlik səddi seçki qanununa gətirmələri təsadüfi deyildi. Generallar radikal kürdlərin formalaşdıracaqları istənilən partiyanın bu səddi aşmayacaqlarını güman edirdilər. Bu sxem 35 il işlədi. Xeyli partiya 10 faizlik səddi aşa bilmədi və yox oldu (ANAP, DYP və digərləri). Bu sədd illər uzunu Ərdoğanın da işinə yaradı, o hərbi çevrilişi həyata keçirən generalları bəyənməsə də, 13 ildə generalların 10 faizlik sədd maddəsindən gen-bol istifadə etdi. Ancaq HDP 12 faizlik səslə göstərdi ki, artıq 10 fazilik sədd onlar üçün maneə deyil.

- Seçkinin əsas qalibi HDP-dir. Bu fikri bölüşürsüz? Ümumiyyətlə bu qələbə necə qazanıldı?

- HDP-nin lideri Səlahəddin Dəmirtaşı bəyənmək və ya bəyənməməyək, başqa məsələdir, ancaq etiraf edilməlidir ki, o, çox uğurlu seçki kampaniyası apara bildi, sonucda da qalib oldu. 2011-ci il parlament seçkilərində kürdlərin partiyası toplam 6 faiz səs toplamışdı və parlamentə müstəqil deputatlar kimi qatılıb qrup formalaşdırmışdılar. Bu dəfə isə səslərini ikiqat artıraraq həm partiya kimi parlamentə düşdülər, həm də millət vəkillərinin sayı 44 nəfər artdı. Dəmirtaş prezident seçkisinə ona görə qatılmışdı ki, gələcək parlament seçkisində partiyasının 10 faizlik həddi keçib-keçməyəcəyini yoxlasın. Dəmirtaş prezident seçkisində 9.76 faiz səs toplamışdı. Bu nəticə Dəmirtaşa seçkiyə partiya kimi qatılmağa həvəsləndirdi, risk idi, çünki 10 faizin altında qalsaydı parlamentdə 1 millət vəkili belə olmayacaqdı. Riskə getdi və 80 millət vəkili yeri qazandı. “Dünyada ən çox kürdün yaşadığı şəhər İstanbuldur” - əvvəl bu ifadə ritorik səslənirdi, bu gün isə rəqəmlərdə öz əksini tapdı. İstanbulda kürdlərin partiyasından 11, milliyyətçi türklərin partiyasından isə 10 nəfər millət vəkili seçildi. MHP və HDP-nin səsləri arasındakı fərqin 4 faiz olması düşündürücüdür. HDP-yə kürdlərlə yanaşı digər azsaylı xalqların nümayəndələri və türklər də səs verib. Bu səslər HDP-nin dəstəklənməsi mənasına gəlmir. Bir çoxları HDP-yə ona görə səs verib ki, 10 faizlik səddi keçsin və bununla da AKP təkbaşına hökumət formalaşdıra bilməsin.

- Elxan bəy, HDP-nin TBMM-də olması Azərbaycan üçün nə anlama gəlir? Bundan başqa, parlamentdə 3 erməni deputat da var...

- İstənilən halda HDP Türkiyənin Ermənistanla sərhədi açmağı və diplomatik münasibətləri qurmağı tələb edəcək. Seçilən ermənilər Türkiyənin “erməni soyqırımını” tanıması vacibliyini dəfələrlə vurğulayanlardır. Aydındır ki, onlar bu məsələni parlamentdə gündəmə gətirəcəklər və HDP onlara tam dəstək verəcək.

- Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə xələ gətirə bilərmi?

- Gərginlik yarana bilər. HDP və erməni millət vəkilləri bunun üçün əllərindən gələni edəcəklər. Buna baxmayaraq, Ankaranın məsələyə xüsusi həssaslıqla yanaşacağını ehtimal edirəm. İki ölkəni böyük enerji layihələri birləşdirir, bu ilin sonunda Bakı-Tiflis-Qars dəmir yolu işə düşəcək. Bu, Azərbaycandan çox Türkiyəyə lazımdır ki, bölgədə çəkisini artıra bilsin. Türkiyə-Azərbaycan hərbi ittifaqının da qüdrətini qoruyacağını düşünürəm. Türkiyənin ordu generalitetin hakimiyyətdə kimlərin təmsil və nə istəmələrindən asılı olmayaraq həm Azərbaycanla hərbi ittifaqı genişləndirəcəklər, həm də birgə hərbi təlimlərin sayını artıracaqlar. Türkiyənin yeni hökuməti bu amillə hesablaşmaq məcburiyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol