Fransanın prezidenti Fransua Olland əmindir ki, Rusiya ilə dialoqu davam etdirmək vacibdir. Prezident bunu Elmau qəsrində (Bavariya) keçirilən G7 sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib (TASS).
Fransa prezidenti fikrini belə ifadə edib: «Rusiya ilə təmasları davam etdirmək lazımdır. Rusiyanın indiki sammitə dəvət olunmaması heç də o anlama gəlmir ki, daha onunla dialoq aparmaq lazım deyil... G7-dən başqa digər və daha geniş format - G20 mövcuddur. Rusiya isə Suriya, İran və Ukrayna danışıqları üzrə həlledici rola malikdir».
Bununla yanaşı, Olland qeyd edib ki, indiki anda Rusiyaya yönəlik sanksiyaların ləğvi üçün şərait yaranmayıb: «İndiki halda onları (sanksiyaları) aradan götürmək üçün səbəb yoxdur...». Bununla belə, prezident işarə vurub ki, yeni sanksiyaların qəbul olunmasına da ehtiyac yoxdur.
Prezident bu barədə deyib: «İndiki anda sanksiyaların aradan qaldırılmasına səbəb yoxdur. Böyük ehtimalla, Aİ Şurasında Avropa hakimiyyətləri tərəfindən sanksiyaların ilin sonuna qədər uzadılması barədə təkliflər səslənəcək...».
Eyni zamanda, Olland Ukrayna böhranı səbəbindən sanksiyaların sərtləşdirilməsi imkanlarını da istisna etməyib: «Əgər aydın olsa ki, Rusiya Ukraynanın şərqində hərbi iştirakını saxlamaqda və bölgəyə silah göndərməkdə davam edir, həm də məlum olsa ki, şərq bölgələri Minsk razılaşmasına əməl etmək istiqamətində heç bir tədbir görmür, bunlar sanksiyaların sərtləşdirilməsi üçün əsas ola bilər...».
Bütün bunlarla bərabər, Fransa lideri qeyd edib ki, Minsk razılaşması «iki tərəf üçün qüvvə kəsb edir» və bir sıra tələbləri özündə əks etdirir. Ukrayna hakimiyyəti də bu tələbləri yerinə yetirməlidir. Məsələn, bu müddəalar «desentralizasiya, yerli seçkilərin keçirilməsi, əmtəələrin sərbəst hərəkətinin təmin olunması, Ukraynanın şərqində yaşayan insanlara pensiyaların və sosial müavinətlərin ödənilməsi» məsələləriniə aiddir.
AzPolitika.info


Şərhlər