2014-cü il yanvar ayının ilk həftəsində növbəti dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzində “Yeni təlim proqramı (kurikulumlar): Respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfransın reallaşdırılması üçün görüş keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Ağababa İbrahimov, TPİ-nin direktoru Qulu Novruzov və direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin əlaqələndirmə Qrupunun məsləhətçisi Almaz Həsrət, Kurikulum Mərkəzinin şöbə müdirləri iştirak edib. Mərkəzin konfrans zalında keçirilən tədbirə Respublikanın müxtəlif bölgələrindən olan 150-dək fəal müəllim qatılıb.

Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov belə işgüzar görüşlərin tez-tez keçirilməsinin vacib olduğunu vurğulayıb. Natiq Respublikamızda həyata keçirilən uğurlu təhsil islahatlarından və özəlliklə də Azərbaycan dövlətinin inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək sürətlə tətbiq etməsindən danışıb. O, 2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində mütərəqqi islahatları nəzərdə tutan növbəti bir sənədə imza atdığını bildirib. Natiq bu sənədin təhsil sahəsilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini əks etdirən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması barədə bir sərəncam olduğunu xatırladıb. “Dövlət Strategiyası təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəddir”, - deyə o, bildirib.

Q.Novruzov həmçinin Azərbaycan təhsil sistemindəki yeniliklər və qarşıda duran əsas vəzifələr barədə məlumat verib. O, kurikulumların və ümumilikdə təhsildə aparılan inkişafyönlü addımların daha uğurla nəticələnməsində məhz yaradıcı və yenilikçi, daim axtarışda olan müəllimlərin əsas rol oynadığının vacibliyini xüsusi qeyd edib. Natiq məktəb kurikulumlarının hazırlanması barədə də məlumat verib. Bildirib ki, bölgələrdə yerləşən hər bir təhsil müəssisəsinin özünün məktəb kurikulumlarının hazırlanması işinə başlanılır. Yəni hər məktəbin özünün məktəb kurikulumu olacaq. O öz çıxışında həmçinin görüş iştrakçılarına təhsil naziri cənab Mikayıl Cabbarovun da təhsillə bağlı söylədiyi fikirlərini geniş şəkildə çatdırıb.

Təhsil nazirinin müşaviri Ağababa İbrahimov isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsində və geniş ictimaiyyətin məlumatlandırılmasında məhz təhsil işçilərinin böyük xidmətlərinin olacağını xüsusi vurğulayıb. O, ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlərin həyata keçirilməsində əsas məqsədin məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılmasında təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarət olduğunu vurğulayıb.

Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mövcud mərhələləri, həmçinin mövcud şəraitdə işlərin icra vəziyyəti barədə danışıb, bu ilə qədər əldə olunan ilkin nəticələr barədə fikirlərini paylaşıb. O da kurikulumların və ümumilikdə təhsildə aparılan inkişafyönlü addımların daha uğurlu alınmasında məhz yaradıcı və yenilikçi müəllimlərin əsas rol oynadığının vacibliyini qeyd edib. Çıxışçı hər bir müəllimin dərsin qurulmasında sərbəst şəkildə təhsil texnologiyalarından istifadə edə bilməsinin vacibliyini vurğulayıb. Ə.Abbasov şablon dərs texnologiyasının olmadığını, bunun yalnız müəllimlərin öz seçimi və yaradıcılığına söykəndiyini bildirib, yalnız dövlət standartının düzgün reallaşdırılmasının gərəkliliyini vurğulayıb. Kurikulumlar barədə hazırlanmış kitab və metodik tövsiyələrin hələlik bir qədər az olduğunu, lakin bununla yanaşı, bu sahədə işlərin davam etdirildiyini deyən natiq dərsliklərin yeni nəslinin hazlırlandığını bir daha müəllimlərin nəzərinə çatdırıb.

Sonra isə mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Şəmkir, Gəncə, Biləsuvar, Masallı, Astara, Quba, Goranboy, İmişli, Xızı, Sabirabad, Lənkəran, Lerik, Saatlı, Laçın, Ağdam, Salyan, Hacıqabul, Neftçala, Şamaxı, Qəbələ, Samux, Göyçay, Beyləqan, Balakən, Şəki, Xırdalan, Abşeron rayonları, Sumqayıt və Bakı şəhərindən gələn ən fəal müəllimlər müzakirələrə qoşularaq çıxışlar edib.

Respublikanın əməkdar müəllimi, görüşün koordinatoru Almaz Həsrət qeyd edib ki, kurikulumların daha geniş ictimaiyyətə çatdırılması ilə bağlı yaradılmış kurikulum.az portalı ilk gündən, xüsusilə də 2010-cu ildən bu günə qədər təhsil işçiləri və təhsillə maraqlanan bütün şəxslərin böyük marağına səbəb olub. Müzakirələrin daha geniş təşkili üçün 2010-cu ildən Facebook sosial şəbəkəsində portalın eyni adlı qrupu qurulub. Qrupa bu günə qədər 8 mindən artıq üzv qoşulub. Bu isə kurikulumlara olan diqqət və marağın göstəricisi sayıla bilər. Elə həmin maraq nəzərə alınmaqla 2013-cü ildən başlayaraq Respublika səviyyəli görüşlər təşkil edilir. Ötən il ərzində ikisi Bakıda, biri Şəkidə olmaqla 3 belə görüş keçirilib. Bu görüşlər Azərbaycan mediasında da geniş işıqlandırılıb. Görüşlərin səmərəli sonuclar verməsi nəzərə alınaraq 2014-cü ildə də ənənənin davam etdirilməsi qərara alınıb və yanvarın ilk həftəsində növbəti görüş keçirilib.

İmişli rayonu, Aranlı kənd orta məktəbinin direktoru, riyaziyyat müəllimi, əməkdar müəllim Malik Qəhrəmanlı, Biləsuvar rayonu, İsmətli kənd orta məktəbinin ibtidai metodbirləşmə sədri, əməkdar müəllim Rüstəm Əliyev, İqtisad Universitetinin müəllimi Xuraman Osmanova, Şəmkir rayonu Kür qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Ruhiyyə Rəfiyeva, həmin rayonun Zəyəm qəsəbə S.Məmmədov adına tam orta məktəbin müdir müavini Vüsalə Mehtiyeva, Saatlı rayon S.Vurgun adına 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi, müdir müavini Cəfər Məmmədov, həmin rayonun Əhmədbəyli kənd tam orta məktəbinin coğrafiya müəllimi Orxan Alışov, Laçın rayonu Ə.Məmmədov adına Qışlaq kənd tam orta məktəbinin müəllimi Şəfa Mirzəyev, TPİ-nin əməkdaşı Afaq Əliyeva, Bakıdan məktəb müəllimləri Sənubər Məmmədova, Vəfa Vəliyeva, Roza Qasımova, Abdulla Qəhrəmanov, Leyla Mürsəlova, Firahnaz Heydərova, Azərbaycan Müəllimlər İnstitutunun müəllimi Hüseyn Hüseynov, Sumqayıt şəhərindən müəllim Cəmalə Cəfərova və b. praktik təhsil işçiləri kimi yerlərdə işin tətbiqi mövzusunda çox maraqlı çıxış ediblər. Əsasən kurikulumun bölgələrdə tətbiqi, kənd məktəblərində bununla bağlı işin təşkili, təlimçilərin hazırlığı və onların yerlərdə keçdiyi kursların keyfiyyəti ilə bağlı, kurikulumun daha aydın dərk olunması üçün keçirilən kursların təlim gününün uzadılması, məntiq dərsinin proqrama salınması məsələsi, məktəb rəhbərliyinin maarifləndirilməsi işinin təşkilinə diqqətin ayrılması, qiymətləndirmə və onun mexanizmi, fiziki tərbiyə fənninin tədrisi problemləri, yeni dərsliklərin hazırlanması işinin təşkili, bölgələrdə yeni dərsliklərə münasibət, pedaqoji kadr hazırlığı və müəllim hazırlığında olan problemlər və s. barədə səslənən çox maraqlı çıxışlar ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda TPİ-nin direktoru Qulu Novruzov yaxın zamanda “Yeni təlim proqramı (kurikulumlar): respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” adı altında geniş elmi-praktik konfransın keçiriləcəyini bildirib.

Keçirilmiş görüş bütün iştirakçıların ürəyincə olub, ölkənin qabaqcıl müəllimlərinin əlaqələrinin möhkəmləndirilməsi, bilik və bacarıqların paylaşılması baxımından yüksək dəyərləndirilib. Görüşdə başlanan müzakirələr Kurikulum.az portalının Facebook qrupunda da davam etdirilir. Qərara gəlinib ki, mövzu ilə bağlı görüşlər, seminarlar, elmi praktik konfranslar daha çox bölgələrdə keçirilsin.

Onu da əlavə edək ki, müzakirələrdən sonra görüş iştirakçıları Bakıdakı Askar Oteldə birgə nahar edib, qeyri-rəsmi fikir mübadiləsi aparıblar.

Kurikulum.az