Xarici KİV-in məlumatına görə, İspaniya kralı VI Filipp öz bacısı prinsessa Kristinanı və onun ərini Palma-de-Malork hersoginyası və hersoqu titullarından məhrum edib. Bu xəbəri «El Plas» nəşri yayıb (Rosbalt).
Xəbərdə deyilir: «Prinsessa Kristinanın Palma-de-Malork hersoginyası titulundan məhrum edilməsi barədə Kral fərmanı sabah rəsmi jurnalda dərc olunacaq...».
Bundan əvvəl xəbər verilmişdi ki, ehtimal olunan fırıldaqçılıq işi üzrə adı hallanan prinsessa Kristina məhkəmə qarşısına çıxarılacaq. Bu, İspaniyanın yeni tarixində ilk hadisədir ki, kralın yaxın qohumu cinayət törətməkdə şübhəli bilinərək, məhkəməyə çağırılır.
Bu səbəbdən, İspaniya kralı VI Filipp öz doğma bacısı infanta Kristinanı Palma-de-Malork hersoginyası titulundan məhrum edib («The Spain Report»).
Müvafiq fərman iyunun 12-dən qüvvəyə minəcək. İndi prinsessanın titulu belə səslənəcək: kraliça zati aliləri, donya Kristina Federika Viktoriya Antoniya de la Santissima Trinidad, İspaniya infantası («infanta» - İspaniya və Portuqaliyada kral ailəsindən olan qadın nümayəndələrin daşıdığı tituldur - red.).
Xatırladaq ki, kral VI Filipp İspaniya kralı taxtına çıxandan sonra ilk müraciətində korrupsiyanı pisləyərək, bəyan edib ki, qanun qarşısında hamı bərabər məsuliyyət daşıyır.
AzPolitika.info


Şərhlər