"Rusiyanı dayandırmaq üçün SWIFT-ə çıxışını bağlamaq lazımdır"
Xarici KİV-in yaydığı məlumata görə, Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının (UMMŞ) katibi Aleksandr Turçinov «5 kanal»ın efirindən deyib ki, Rusiya nəinki kollektiv təhlükəsizlik sistemini dağıdıb, həm də dünyada güc paritetlərini dəyişmək istəyir. Bu da olduqca təhlükəlidir (Rosbalt).
«Bu gün Rusiya yenidən nüvə silahı ilə silahlanma yolunu tutub və hücum təyinatlı nüvə silahlarını ön sıraya cəmləyir...» - deyə, «UNN» Turçinovdan sitat gətirir. O, qeyd edib ki, Krımın ilhaqından sonra Rusiya yarımadanı tam silahlandırma yolunu tutub.
Turçinov sonra deyib: «Onlar hücum təyinatlı nüvə silahlarını yerləşdirirlər. Bu silahlar ilk növbədə, Avropa ölkələrinə, NATO üzvü olan ölkələrə qarşı istifadə oluna bilər. Məsələn, «İskəndər-M» tipli operativ-taktiki raket kompleksləri, nüvə raketləri və modenləşdirilmiş idarə olunan nüvə bombaları daşıyan Tu-22M3 bombardmançıları, sualtı donanmadır ki, onları Krım ətrafında cəmləyirlər. Onlar da nüvə raketləri, məsələn, Avropa ölkələrinə tuşlanmış qanadlı raketləri daşıya bilirlər...».
Sonra Turçinov əlavə edib ki, NATO-nun Qara dəniz ölkəsi olan Türkiyə Rusiyanın hərbi gəmilərinin Bosfor boğazına girişini önləmək barədə düşünməlidir. Eyni zamanda, dünya ictimaiyyəti Rusiyanın hücum təyinatlı nüvə proqramlarını dəstəkləyən və maliyyələşdirən maliyyə sistemini SWIFT - dən təcrid etmək məsələsinə baxmalıdır.
AzPolitika.info


Şərhlər