Bu gecə Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Mərasim möhtəşəm şəkildə baş tutub. Dünya mediası Bakıda ilk Avropa Oyunlarının açılış mərasimini geniş işıqlandırıblar. Mərasim baş tutandan sonra iştirakçılar rahat və təhlükəsiz şəkildə müəyyən edilmiş avtobuslarla şəhərin bütün nöqtələrinə daşınıb.
Bakı metropoliteni də bu gecə gücləndirilmiş iş rejimində çalışıb. Lakin sosial şəbəkələrdə isə Bakı metrosunun gecə birdən sonra sərnişinləri qəbul etmədiyi barədə məlumatlar yayılıb. Yayılmış məlumatlara görə, guya gecə saat birdən sonra sərnişinləri metroya minməyə qoymayıblar.
Məlumat almaq üçün Bakı metropoliteni ilə əlaqə saxladıq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, yayılan məlumatlar kökündən səhvdir. Onun sözlərinə görə, açılış mərasimi bitəndən sonra tədbirdən çıxan insanların hamısı problemsiz daşınıb.
“Mən özüm gecə saat 2-yə qalmış metroya minmişəm. Məndən sonra da işçilər işləyiblər. Gecə 2-yə qədər metroya giriş olub. Metrodakı sərnişinlər 3-ə qədər mənzil başına çatdırılıblar”, - deyə Nəsimi Paşayev bildirib.


Şərhlər