Moskvanın nöqteyi-nəzərinə görə, Rusiyanın qonşuluğundakı ölkələrdə bu yaxınlarda baş verən hadisələr tamamilə sübut edir ki, özünün siyasi institutları, KİV-ləri, diplomatları, ordusu, maliyyə arxitekturası və idarəetmə orqanları ilə birlikdə amorf bədən halındakı Qərbə inanmaq olmaz.
Bu ittihamlar 1999-cu ildə Yuqoslaviyanın NATO tərəfindən bombalanmasından sonra başlanıb. Digər yandan ruslar, 1990-cı illərin əvvəlində Avropa Birliyi və NATO-nun Şərqi Avropanı özünə inteqrasiya etməyəcəyi barəsində götürdüyü öhdəliyi pozmasını, qonşu ölkələrdəki rəngli inqilabları, müxtəlif yalançı bəhanələrlə Əfqanıstan və İraqa müdaxilə olunmasını, Liviya və Suriyadakı vəziyyətin destabilizasiya edilməsini, ümumi təhlükəsizlik arxitekturasından daima imtina edilməsini, Kiyevdə 2014-cü ilin martında həyata keçirilən dövlət çevrilişini, Ukraynanın şərqində separatizmin baş qaldırmasından sonra Rusiyaya qarşı yönəlmiş iqtisadi sanksiyaları və 2018-ci ildə futbol üzrə dünya çempionatını qəbul etmək istəyən Rusiyanın əlindən bu imkanın alınması təhlükəsini uzunmüddətli Makiavelli planının tərkib hissələri hesab edirlər. Onların əksəriyyətinin fikrinə görə, bütün bu planlar Rusiyadakı sabitliyin pozulmasına yönəlib.
Heç şübhəsiz ki, dünyada baş verən hər şeyin Rusiyaya qarşı yönəldilmiş olan fitnə-fəsadın tərkib hissəsi kimi anlaşılması çox qəribədir. Ümumiyyətlə isə bu məsələdə Rusiya tək deyil. Avrasiyanın digər böyük və anlaşılmaz dövləti olan Çin də özünə qarşı bu cür təhlükələr hiss edir.
Bretton-Vuds maliyyə sistemi institutunun varlığı, bir çox inkişaf etməkdə olan ölkələrin təkcə daxili islahatlar yolu ilə müvəffəqiyyət əldə etməsi üçün yetərli sayılmır. İndiki ümumdünya maliyyə institutunun yeni struktur dəyişikliyinə uğramasına dair çağırışlar edilməsi, həmin sistemin təsisçiləri tərəfindən qəti surətdə qəbul olunmur. Məsələn, Beynəlxalq Valyuta Fondunda islahat aparılması ilə bağlı “Böyük iyirmilk” dövlətləri tərfindən qəbul edilmiş planın önünü 2014-cü ildə ABŞ Konqresi kəsmişdi. Bunun nəticəsində də narazı qalmış ölkələr, BRİCS İnkişaf Bankı, Asiya İnkişaf və İnfrastruktur Bankı kimi qurumların yaradılmasını 21-ci əsrin əsas prioritetlərindən biri hesab edirlər. BRİCS –in irəlidəki sammiti çərçivəsində Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının liderləri bu təşkilatın yarandığı dövrdən indiyədək yeddinci dəfə toplanacaqlar. Rusiya prezidenti elə ilk başlanğıcdan BRİCS-in yaradılmasını qətiyyətlə müdafiə edərək bu təşkilatın ilk sammitini (keşmiş prezident Dmitri Medvedyevin dəstəyi ilə) 2009-cu ildə Yekaterinburqda keçirilməsini təklif etmişdi. İnvestisiya bankirləri tərəfindən abbreviatur əsasında institutlar çox nadir hallarda yaradılır. Ona görə də, BRİCS ölkələri lazımı nəticələr əldə etmək naminə xeyli səy göstərməli olublar. Lakin görünür ki, həmin çətin günlər artıq arxada qalıb və indi bu təşkilat onların nöqteyi-nəzərinə görə, köhnəlmiş Bretton-Vuds modelini sıxışdırıb çıxaracaq yeni alternativ maliyyə və hüquqi normativ struktur yaratmaqla məşğul olacaqlar. Bu il BRİCS sammiti Ufada keçiriləcək. 2016-cı ildə Çində keçiriləcək zirvə görüşü isə BRİCS üçün kulminasiya nöqtəsi olacaq.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan kimi Orta Asiya dövlətləri ilə birlikdə yaradılıb. İlk öncə bu təşkilatın diqqətində terrorçuluq və ekstremizmlə mübarizə mühüm yer tuturdu. Lakin təşkilatın sıraları artdıqdan sonra, onun qarşısında qoyduğu məqsədlər siyasi, iqtisadi, elmi və mədəni sferaları da əhatə etməyə başladı. Hələlik real tərəqqi məhdud səviyyədə olsa da, təşkilat üzvlərinin cəhdləri tam aydındır. Artıq infarstruktur layihələrinin reallaşdırılması üçün yüz milyard dollarlıq müqavilələrə imza atılıb. Neft və qaz kəmərləri, sıxılmış qaz terminalları, elektrik stansiyaları, avtomobil yolları, sürətli dəmir yolu magistralları və digər yeni idarəetmə strukturları ilə birlikdə Çinin “Bir zolaq-bir yol” strateji təşəbbüs layihəsinə daxildir. Təkcə Asiya İnfrastruktur İnvestisiyalar Bankı 100 milyard dolarlıq start kapitalına malikdir. Heç təəccüblü deyil ki, NATO və Avropa Birliyinin uzunmüddətli sərt iqtisadi dövrdən sonra Yunanıstan kimi inamını itirmiş ölkələrinin əksər vətəndaşları, öz gələcəklərini yaradılmış yeni institutlara bağlamaq fikrindədirlər. Əlbəttə ki, heç kim yeni istiqmətdə çox ciddi maneə və sədlərin aşılmasının vacib olduğuna şübhə etmir. Ancaq digər tərəfdən isə ümumi dəyərlər üzərində deyil, real siyasi prinsiplər əsasında qurulmuş strukturlarda potensial münasibətlərdəki uyğunsuzluqlar (Rusiyanın rəhbərliyi altında qurulmuş və Belarus, Qazaxıstan, Qırğzıstan, Ermənistanı əhatə edən Avrasiya İqtisadi İttifaqı kimi), tərəflər arasında yüksək inamsızlıq səviyyəsi və Orta Asiya uğrundakı rəqabət, bu institutların işini dalana dirəndirə bilər. Lakin hər halda, indi bu institutların inkişafı üçün əlverişlı məqamın olduğunu inkar etmək də olmaz.
Hal-hazırda hər yeri dolaşan Amerikan dollarına alternativ ola biləcək yeni mexanizmin yaradılmasına cəhd göstərilir. Rusiya ilə Çin arasında 25 milyard dollar həcmində “Svop” adlandırılan valyuta əməliyyatının aparılması çərçivəsində imzalanmış müqaviləyə əsasən, Rusiyanın “Sberbank”ı ilə Çinin idxal-ixrac əməliyyatları aparan bankı arasında ilk dəfə olaraq yuanla maliyyə akreditasiyası həyata keçirilməsi və həmçinin də BRİCS ölkələri üçün beynəlxalq ödəmə sistemi olan SVİFT-ə alternativ yaradılması da nəzərdə tutulur.
Onu xüsusilə qeyd etmək lazımdır ki, bəzi ölkələrin Mərkəzi Bankları böyük partiyalarla külçə qızılın alışını davam etdirirlər. Bu isə müəyyən vaxtdan sonra qızıla bağlı olan hansısa maliyyə vasitəsinin işə salınmasından xəbər verir.
Rusiyalı məmurlar tez-tez vurğulayırlar ki, BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı bir-birilərinin yolunu kəsib ümumi işə maneçilik törətməyəcəklər. Əslində isə indiki mərhələdə bunun heç bir praktik əhəmiyyəti yoxdur. Çünkü bu iki təşkilat, faktiki olaraq oxşar funksiyalar yerinə yetirirlər. ABŞ prezidenti Barak Obamanın şanlı Sovet İmperiyasının bərpa olunması ideyasına rişxəndlə yanaşması və Rusiyanın Qərb tərəfindən təcrid edilməsi, bu ölkəni yaxın onilliklər ərzində daha balanslaşdırılmış və özünə uyğun həyati əhəmiyyət kəsəb edən yeni iqtisadi reallıqlar çərçivəsində yaşamasına imkan verəcək tərəfə itələyir.
(Forbes)


Şərhlər