Menu

TƏHSİL VƏ BADMİNTON - Tərs-mütənasib anlayışlardır?

18.06.2015, 13:26
TƏHSİL VƏ BADMİNTON - Tərs-mütənasib anlayışlardır?

Dünən yerli KİV-in yaydığı maraqlı bir məlumat diqqətimi necə çəkdisə, sadəcə, bu sətirləri yazmaya bilmədim. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının təhsil naziri, cənab Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçilib. Məlumatın maraqlı olması da elə onun təhsil naziri ilə bağlı olmasındadır.

Məsələn, bu xəbəri oxuyan kimi, ağlıma ilk gələn fikir bu oldu: Əcəba təhsil hara, badminton hara? Üstəlik də bərbad vəziyyətdə olan təhsil hara, hansı durumda oduğu bilinməyən badminton hara? Bunların arasında hansı bağlılıq ola bilər ki, rəsmi vəzifəsinin öhdəsindən gələ bilməyən təhsil naziri indi də «badminton aləmi»nə baş vurur? Bəlkə, bu cənab dərin uçuruma yuvarlanmış Azərbaycan təhsilini həmin «yama»dan badmintonun köməyi ilə dartıb çıxarmaq fikrinə düşüb?..

Yuxarıda yazdım ki, rəsmi vəzifəsinin öhdəsindən gələ bilməyən təhsil naziri... ölkənin təhsil sistemini dərin uçurumdan çıxarmaq üçün badmintondan bir vasitə kimi istifadə etməyi düşünür? Belə deməyə yetərincə əsasım var.

İyunun əvvəlində tanış olduğum bir məlumatda deyilirdi ki, Bakı şəhərindəki orta ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində 9-cu sinif şagirdləri (31 min 490 nəfər) «Ana dili»ndən buraxılış imtahanı verib də «2» alanların nisbəti 55,85 faiz olub! Yəni ki, şagirdlərimizin yarıdan çoxu 9 il «təhsil» alsa da, doğma anasının bilini «öyrənə bilməyib»! Daha doğrusu, Mikayıl Cabbarovun nazir olduğu ölkənin baş kəndinəki məktəblərdə 9 il ərzində şagirdlərin yarıdan çoxuna «dövlət dili»ni öyrədə bilməyiblər. Bu, «ölüm uçurumu» deyil, bəs nədir?

Bu gün yayılan daha bir məlumatda deyilir: «...9-cu sinif şagirdlərinin 40,14 faizi «Ana dili»ndən... 11-ci sinif şagirdlərinin 32,43 faizi «Ana dili»ndən «2» alıb...». Bu da iyunun 16-da keçirilmiş sonuncu buraxılış imtahanının nəticəsidir...

İndi isə gəlin fikirləşək: bu göstəricilər ölkənin təhsil sisteminin bərbad vəziyyətindən xəbər vermirmi? Başqa sözlə, sahəyə rəhbərlik edən birinci şəxsin yarıtmaz fəaliyyətinin birbaşa və dolayı nəticəsi deyilmi?

Belə bir şərait daxilində, özünün vəzifələrinin öhdəsindən gələ bilməyən təhsil nazirinin badminton aləminə meyl etməsi, bununla da üzərinə daha bir məsuliyyətli vəzifə götürməsi gülünc, rişğənd doğurmurmu?

Baş verənlərə məntiqi yanaşsaq, Mikayıl Cabbarovun bu addımı nəzəri olaraq, iki məqsədə qulluq edə blər: Birincisi, təhsil naziri təhsil sektorunda oturuşmuş bərbad durumu aradan qaldırmaq üçün badminton oynamağın fəzilətlərindən yararlanmaq fikrinə düşüb; İkincisi, o, Azərbaycan adlı ölkədə idmanın badminton adlanan növü üzrə vəziyyəti də kökündən dəyişib, təhsil sektorundakı mövcud durumla eyniləşdirmək qərarına gəlib...

Prezident seçkilərkən, çıxış edən Mikayıl Cabbarov özü də diqqəti məhz birinci vesiya üzərinə yönəldib: Yeni vəzifəsində səylə çalışacağını deyən nazir, qısamüddətli perspektivdə ölkədə gənclər və uşaqlar arasında badmintonun populyarlaşması istiqamətində fəaliyyət göstərəcəyini deyib: «Müxtəlif beynəlxalq yarışlarda milli komandamızın iştirakının təmin edilməsi, bununla da ortamüddətli perspektivdə gələcək nailiyyətlər üçün zəmin yaradılması fəaliyyətimizin əsas məqsədidir».

Buradan, belə bir «buynuzlu nəticə» çıxarmaq olar ki, ölkədə «təhsilin populyarlaşması»na nail ola bilməyən təhsil naziri, heç olmasa, badmintonu populyarlaşdırmaq cəhdləri göstərmək xəyalına düşüb. Yuxarıda yazmışam ki, təhsil hara, badminton hara? Görünür, bərbad təhsillə «populyar badminton» perspektivləri arasındakı bağlılıq elə nazirin bu niyyətindən qaynaqlanır. Belədə, bir atalar məsəli yada düşür:

Düzəlmişdi hər yarağımız,

Çatmırdı saqqal darağımız...

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol