Yerevanın Azadlıq meydanında elektrik enerjisi tariflərinin qalxmasına qərarına qarşı cümə günü başlanmış oturaq tətil davam edir. Aksiyanın prezident sarayı önündə davam ediləcəyi ehtimal olunur.
Aksiya iştirakçıları hər gecə meydanda 300 nəfərədək adam qaldığını deyirlər. Fəal Muşeğ Şuşanyanın sözlərinə görə, tətildə iştirak edənləri ərzaq və su ilə təmin etmək məqsədilə ianə yığmaq üçün meydanda xüsusi qutu qoyulub və artıq 300 min dramdan çox (təxminən 630 dollar) pul toplanıb.
“Tətil və etiraz aksiyaları davam edəcək. Gələcək addımlarımız hakimiyyətin reaksiyasından asılıdır”, - Şuşanyan deyib.
Cümə günü minlərlə insanın iştirakı ilə keçirilən mitinq zamanı oturaq tətil təşkil etmək qərarı qəbul olunub. Mitinq iştirakçıları, tələbləri yerinə yetirilməzsə, bazar ertəsi axşamı etiraz aksiyasını prezident iqamətgahı önündə davam etdirmək qərarına gəliblər.
Aksiya iştirakçıları bazar ertəsi, iyunun 22-si, iş gününün sonunadək İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (İXTK) tərəfindən qəbul olunmuş elektrik enerjisi qiymətinin təxminən 16 faiz qaldırılması haqqında qərarın ləğv edilməsini tələb edirlər.
İyunun 17-də İXTK, Ermənistan Elektrik Şəbəkələri şirkətinin sifarişi əsasında, avqustun birindən ölkədə 1 kilovat-saat elektrik enerjinin qiymətini 6,93 dram artırmaq qərarı qəbul edib. /BBC


Şərhlər