Xarici KİV-in məlumatına görə, ABŞ-ın Türkiyədəki səfiri Con Bass, «ABŞ, kürd dövləti yaratmağa dəstək verir» səciyyəli iddiaları təkzib edib.
Diplomatın sözlərinə görə, bölgənin demoqrafik xəritəsində və sərhədlərində ABŞ-ın dəyişiklik edilməsini planlaşdırması barədə ötən həftə Türkiyə mətbuatında yayılmış məlumatlar həqiqətə uyğun deyil. Bu xəbəri Türkiyənin «Dünya Bülteni» informasiya mərkəzi yayıb.
Səfir deyib: «Bu cür iddialar reallıqdan çox uzaqdır. Bizim belə bir məqsədimiz, layihəmiz və siyasətimiz yoxdur. ABŞ bu bölgədə sərhədlərin dəyişdirilməsinin əleyhinədir, həm də Ukrayna böhranı ilə əlaqədar olaraq, Avropa və Avrasiyada sərhədlərin güc tətbiqi yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu bəyan edib».
Con Bass etiraf edib ki, amerikalılar İraq və Suriyada «İslam dövləti»nə aviazərbələr endirməklə, «Demokratik ittifaq» kürd partiyasına (Suriya) dəstək verir. Bununla bərabər, səfir qeyd edib ki, ABŞ həm də digər qruplara, məsələn, İQ ilə mübarizə aparan Suriya müxalifətinə də köməklik göstərib.
Türkiyədən fərqli olaraq, ABŞ kürd «Demokratik ittifaq» partiyasını terrorçu təşkilat kimi tanımır və hesab etmir ki, bu təşkilat kürd fəhlə partiyası (PKK) ilə əlaqəlidir.
AzPolitika.info


Şərhlər