Yanvarın 13-dən Bakıda avtobuslarda da gediş haqlarının kartla ödənişinə başlanıb. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Azadlıq Radiosuna bildirib ki, hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur: «İlkin mərhələdə iki marşrut üzrə –10 və 95 saylı avtobuslar seçilib. Amma fevralın axırınadək 36 marşrut kart sisteminə keçəcək. Bu da təxminən 650 avtobus deməkdir».

Namiq Həsənovun dediyinə görə, kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat balansa yüklənir: «1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır».

«MasterCard» bazasında hazırlanan bu kartları «Bank of Azerbaijan» buraxıb.

Namiq Həsənov təxminən 450 min kartın hazırlandığını bildirir. Kartları Bakıda fəaliyyət göstərən köşklərdən, eləcə də «Bank of Azerbaijan»ın filiallarından əldə etmək olar.

Kartın balansını köşklərdə, eləcə də xüsusi loqotipli satış nöqtələrində artırmaq mümkündür.

Mətbuat katibinin sözlərinə görə, artıq 1000 avtobusda ayrıca qurğular quraşdırılıb.

Qeyd edək ki, pytaxtın nəqliyyat sektoruna nəzarət qeyri-rəsmi olaraq “Baghlan Group” şirkətinin və “Bakı” futbul klubunun sahibi, “Hafka” kimi tanınan Hafiz Məmmədova verilib. Bir müddət əvvəl Ziya Məmmədovun ailəsinə məxsus «Bank of Azerbaijan» da “Hafka”ya dövr edilib. Bu haqda "AzPolitika.info"-da məlumat verilib. Paytaxtda kart sisteminə keçidin əsas səbəbi isə ictimai nəqliyyatdan daxil olan vəsaitlərin mərkəzləşdirilmiş qaydada toplanmasıdır. Yəqin ki, bundan sonra bu sahədə çalışan iş adamları Hafiz Məmmədovun onlara ayırdığı pulla kifayətlənməli olacaqlar.

Murad

AzPolitika.info