Ucar rayonu, S.Vurğun küçəsi ev 8-in sakini Hüseynov İlqar Qulamhüseyn oğlu "AzPolitika.info" saytı vasitəsilə ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti qısa ixtisarla və zəruri redaktə iə təqdim edirik.
"Mənim oğlum - 1996-cı il tarixdə anadan olmuş Razi Hüseynov 01 mart 2015-ci il tarixdə həqiqi hərbi xidmət keçən zaman düşmən gülləsindən şəhid olsa da, ona şəhid adı verilmir. Oğlumun erməni gülləsi ilə ölməsini təsdiq edən konkret sübutlar var. Ancaq oğlumun ölümünü öz əsgər yoldaşının üstünə qoyub, onu 12 il müddətində azadlıqdan məhrum etmə cazası ilə məhkum ediblər. Bu da şəhid ruhuna təhqirdir.
Belə ki, 01 mart 2015-ci il tarixdə N saylı hərbi hissənin postunda saat 12:00-da döyüş növbətçiliyi mənim oğlumla əsgər Emil Bağırovdan əsgərlər Tağıyev Cəfər İlqar oğlu və Paşayev Hüseyn Məmməd oğluna keçib.
Bundan bir neçə dəqiqə sonra oğlum Razi Hüseynov sifət nahiyəsindən dəymiş güllə yarasından dünyasını dəyişmişdir. Oğlumun ölümünü belə izah etdilər ki, guya, postu təhvil verdikdən sonra oğlum həmin posta yaxınlaşıb. Bu zaman postda olan əsgər Hüseyn Paşayev oğlumu naməlum şəxs bilib, onun tərəfə atəş açıb. Oğlum da aldığı güllə yarasından dünyasını dəyişib.
Ancaq əslində isə oğlumu erməni atıcısının atdığı güllə öldürüb. Hərbi qanunlara əsasən, döyüş postunu dəyişmiş əsgərlər həmin əraziyə öz başına gələ bilməzlər. Həmçinin naməlum şəxslərin posta yaxınlaşması halı baş verdikdə postda olan hərbçi bir neçə dəfə xəbərdarlıq etməli, zərurət olduğu təqdirdə göyə atəş açmalıdır. Yalnız hücum ediləcəyi təqdirdə naməlum şəxsə atəş açmalıdırlar.
Günün-günorta vaxtı postda olanın öz əsgər yoldaşını tanımaması və ölümə səbəb olmuş güllə gilizinin hadisə yerindən tapılmaması yalandır. Bütün hallarda oğlumun ölümünə səbəb olmuş güllənin gilizi postun içərisində düşüb qalmalı idi.
Burada məqsəd ancaq hərbi hissə rəhbərliyinin özbaşınalığının, qanunsuzluğunun üstünü ört-basdır etməkdir. Postu təhvil vermiş əsgərin nəzarətsiz olaraq posta getməsinə görə, məsul vəzifəli zabitlər məsuliyyətsiz qalıb, güllənin gilizi isə tapılmır.
Məhkəmədə də bildirdim ki, mənim oğlumu erməni atıcısı (snayper) öldürüb. Buna görə də güllənin gilizi ermənilər tərəfdə qalıb. Əsgər Hüseyn Paşayevin heç bir günahı yoxdur. Obyektiv araşdırsınlar. Əgər günahı varsa, ona ağır cəza verilsin. Ancaq bilirəm ki, mənim oğlum düşmən mövqeyi tərəfindən atılan güllə ilə qətlə yetirilib.
Snayper gülləsi olduğu üçün üz nahiyəsindən dəlib keçmiş və yaraların yeri çox kiçik olmuşdur. Əgər təqsirləndirilən şəxs əsgər Hüseyn Paşayevin dediyi kimi 6 metrlik məsafədən AK-74 markalı avtomat silahından açılan güllə dəysəydi güllənin çıxdığı yer çox dağıdıcı olardı.
Bu cinayət işinin həm ibtidai, həm də məhkəmə istintaqları qondarma, yalan, saxta ekspert rəyləri, yalan ifadələrlə aparılmışdır. Əsgər Hüseyn Paşayevi isə yalan ifadə verməyə işgəncə ilə məcbur ediblər.
Azərbaycan tarixində bəlkə də ikinci belə bir saxta, qondarma cinayət işi, məhkəmə hökmü olmamışdır. Mənim oğlum Razi Hüseynovu düşmən mövqeyi tərəfindən xüsusi təlim keçmiş snayper qətlə yetirmişdir. Buna görə də ona şəhid adı verilməlidir.
Mənim oğlum torpaq, vətən uğrunda şəhid olub. O, ailənin yeganə oğlu idi. İndi bizi iki şey sarsıdıb: oğlumuzun həlak olması və saxtakarlıqla onun şəhid adının batırılması.
Buna görə də mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edirəm.
Cənab Prezident, mənim oğlum Razi Hüseynovun erməni gülləsi nəticəsində şəhid olmasını təsdiq edən konkret subutları müəyyən vəzifəli şəxslər gizlədib, həm Sizi, həm də bizim ailəni aldadırlar. Buna görə də Sizdən çox-çox xahiş edirəm; bu qanunsuzluq faktını şəxsən obyektiv araşdırıb, düşmən gülləsi nəticəsində dünyasını dəyişmiş oğlum Razi Hüseynova şəhid adının verilməsinə tapşırıq verəsiniz.
Mənim oğlum Vətənə xidmət keçən zaman düşmən gülləsi nəticəsində şəhid olub. And verirəm şəhidlərin müqəddəs ruhuna, ədalətin bərpa edilməsinə kömək olun".
P.S. Müraciətdə göstərilənlərlə bağlı müvafiq qurumların da mövqeyini işıqlandırmağa hazırıq.






Şərhlər