Orduda intiharlar və “dedovşina” nəticəsində ölümlər təmayülü narahatlıq doğurmaqda davam edir
Son vaxtlar müdafiə sektorunda itkilərin ümumi sayının azalmasına baxmayaraq, orduda intiharlar və “dedovşina” nəticəsində ölümlər təmayülü narahatlıq doğurmaqda davam edir. "Turan"nın məlumatına görə, bu barədə “Doktrina” hərbi jurnalist araşdırmaları mərkəzinin rəhbəri Cəsur Sümərinli 2013-cü ilin yekunlarına həsr edilmiş bugünki mətbuat konfransında bildirib.
Ötən il müdafiə və təhlükəsizlik sektorunun itkiləri 81 nəfər təşkil edib, 70 nəfər qeyri-döyüş şəraitində həlak olub.
2012-ci və 2011-ci ildə itkilər müvafiq olaraq 97 (78 qeyri-döyüş) və 99 nəfər (85 qeyri-döyüş) təşkil edib.
Bu zaman 2013-cü ildə intiharların sayı 16 nəfər təşkil edib (2012-ci ildə 19, 2011-ci ildə 12).
2013-cü ildə qeyri-nizamnamə münasibətləri nəticəsində 10 nəfər həlak olub (2012-ci ildə 19, 2011-ci ildə 17).
22 oktyabr 2013-cü il tarixində müdafiə nazirinin dəyişməsi neqativ təzahürlərin aradan qaldırılacağına ümid yaradıb. Lakin yeni ilin ilk iki həftəsində 4 intihar hadisəsi baş verib. Bu, son 11 ildə intiharların ən yüksək səviyyəsidir”, deyə Sümərinli bildirib.
O, həmçinin qeyd edib ki, yeni nazir 1000-ə yaxın kadr təyinatı həyata keçirib.
Lakin təyin edilənlərin əksəriyyəti Müdafiə Nazirliyində korrupsiya iyerarxiyasının keçmiş üzvləri və keçmiş nazir Səfər Əbiyev və baş qərargah rəisi Nəcməddin Sadıqov arasında qarşıdurma nəticəsində işdən qovulmuş şəxslərdir.
Sümərinlinin fikrincə, bu kadrlar NATO standartlarına uyğun deyil.
Orduda Əbiyevin dövründə olduğu kimi açıq olmasa da, əsgərlərdən pul yığılması təcrübəsi davam edir. Lakin əsgərlərin birbaşa Müdafiə Nazirliyinə şikayət edə bilməsini təmin edən sistem müsbət addımdır.
Hərbi ekspertlərə qarşı aksiyaların arxasında duran Vaqif Məmmədovun şəxsi heyətlə iş üzrə idarənin rəisi vəzifəsində saxlanılması mənfi məqamdır, deyə Sümərinli qeyd edib.
Yeni nazir üç ayda bir dəfə belə mətbuat konfransı keçirməyib, Müdafiə Nazirliyinin mətbuat xidmətinin işində də dəyişiklik yoxdur.
Bununla belə, Sümərinli mülki şəxslərin mətbəxdə işə, hərbi hissələrin təmizliyinə və sürücü vəzifəsinə cəlb edilməsi haqqında yenilikləri müsbət qiymətləndirib.
Görüş zamanı hərbiçi ekspertlər əsgər ölümlərinin qarşısının alınması və döyüş hazırlığının artırılması üçün hərbi xidmətə çağırışın şəffaflığı təmin edilməlidir ki, orduya fiziki və psixi cəhətdən sağlam insanlar gəlsin. Həmçinin, ordunu peşəkar əsaslara keçirmək, zabitlərin sosial və mənzil problemlərini həll etmək, onların əmək haqqını artırmaq üçün orduda xidmət müddətini 6-9 aya qədər azaltmaq təklif edilib.
Orduda şəxsi heyətlə iş üçün psixoloq və dini təlimatçı institutları tətbiq edilməlidir.
“Doktrina”nın məlumatına görə, Azərbaycan SQ 2003-2013-cü illərdə 728 hərbi qulluqçu itirib, o cümlədən 186 nəfər erməni gülləsindən həlak olub və ya minaya düşüb, 542 nəfər isə qeyri-döyüş itkiləridir.

Şərhlər