Hal-hazırda “Türk axını” boru kəməri layihəsi xeyli çətinliklərlə üzləşib. Çox böyük ehtimalla, bu layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş məbləğ kəskin azaldılacaq və eyni zamanda da, layihənin reallaşdırılması gecikdiriləcək.
Belə bir nəticəni bu istiqamətdə aparılan işlərin son günlər dayandırılması və müqavilənin ləğv edilməsi barəsindəki gələn xəbərlər əsasında çıxarmaq olar. ”Qazprom” digər layihə - “Şimal axını”nın yeni iki xətti üzərində aktiv şəkildə işlədiyi səbəbindən, gözlənilmədən İtaliyanın “Saipem” şirkəti ilə müqaviləni ləğv edib. ”Saipem” şirkəti Qara dənizin dibi ilə “Türk axını”nın ilk xəttini çəkməli idi. Ən təəcüblüsü isə, müqavilənin ləğv edilməsinin ”Saipem” şirkətinə məxsus olan və boru kəmərlərinin çəkilişi üçün ixtisaslaşmış “Catoro Sei” gəmisinin Rusiyanın Anapa limanına lövbər salmasından sonra baş verməsidir.
Yenidən “Türk axını”na qayıdaq. ”Cənub axını”nı həyata keçirən və “Qazprom“ şirkətinə məxsus olan, ”South Stream Transport B.V” firması bu layihə üzrə digər işlərin davam etdiyini inandırmağa çalışaraq, bildirir ki, onlar yaxın vaxtlarda birinci xəttin çəkilməsində iştirak edəcək potensial firma ilə danışıqlara başlayacaqlar. Lakin buradakı əsas problem, dənizin altı ilə boru çəkən şirkətlərin bütün dünyada az olması ilə bağlıdır. Çünki həmin sahə üzrə ixtisaslaşmış şirkətlər, əsasən bir il öncədən müqavilə bağlayırlar.
“İnterfaks” agentliyinin analitik məqaləsində ehtimal edilir ki, ”Qazprom” öz gücü hesabına iki üzən platformanın köməyi ilə sualtı qaz kəmərinin çəkilməsinə cəhd göstərə bilər. Əgər bu doğrudanda belədirsə, onda “Qazprom”, suyun altı ilə boru kəməri çəkən xarici şirkətlərə, Avropa Birliyi tərəfindən yeni sanksiyalar dalğasının qadağa qoyacağı riskindən də azad olacaq. Amma bütün bunlara baxmayaraq, istənilən halda, dörd xəttdən ibarət olması nəzərdə tutulan bu layihənin miqyası xeyli azalıb. Rusiya KİV-lərində dərc olunan materiallarda deyilir ki, “Qazprom” şirkəti Rusiyanın ərazisindən Anapaya qədər uzanaraq, “Türk axını”na qoşulacaq Sibir qazının iki xəttindən birinin sərmayəsini dondurub. Başqa sözlə belə demək olar ki, həmin bu qəbul məntəqəsinə gələcək təbii qaz, öncədən planlaşdırılan həcmdən, minimum iki dəfə az olacaq.
Beləliklə də “Türk axını” yalnız bir xətt üzrə, ”Qazprom”un ənənəvi müştərisi olan Tükiyənin qərb hissəsinin təchihizatını yerinə yetirəcək. Deməli, belə olan halda son aylar Vladimir Putinin və Yunanıstan baş nazırı Aleksis Çiprasın dilə gətirdikləri Yunanıstanın ərazisindən çəkilməsi nəzərdə tutulacaq boru kəmərinin doldurulması üçün təbii qaz çatışmayacaq. Ona görə də iyun ayında Peterburq iqtisadi forumunda bu xəttin tikilməsi üçün imzalanmış memorandum, sadəcə olaraq, niyyət bəyannaməsi kimi tarixdə qalacaq. Bu forum zamanı, Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya gedən “Şimal axını”nın 3-cü və 4-cü xətlərinin çəkiləcəyi barəsində gözlənilmədən məlumat verildi. ”Qazprom”un mətbuat xidmətindən verilən xəbərə görə, son günlər şirkətin rəhbəri Aleksey Miller, elə bu işlərlə məşğuldur.
Aleksey Miller 8 iyul tarixində Berlindəki işğuzar səfəri zamanı, bu məsələni Almaniyanın iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel ilə müzakirə edib. Düzdür, nazirliyin öz saytında bu söhbət haqqında heç bir məlumat verilmir. Bu isə hər halda hələlik Almaniyanın həmin məsələni, özü üçün tam prioritet hesab etmədiyi anlamına gəlir.
Aleksey Miller iyun ayında “Qazprom” səhmdarlarının Moskvada keçirilən illik toplantısında “Şimal axını II”nin 2019-cu ilin sonuna kimi istismara veriləcəyini bildirmişdi.
Məhz elə bu müddət ərzində, Ukraynadan keçən qazın tam kəsilməsi üçün ilkin olaraq, “Türk axını”nın dörd xəttinin işə salınması planlaşdırılırdı. Artıq indi məlum olur ki, bunun planlaşdırıldığı kimi həyata keçirilməsi mümkün olmayacaq. Ona görə də, Moskva əvvəl verdiyi bəyanatların əksinə olaraq, birdən-birə Ukrayna ərazisindən keçən tranzit qaz xəttinin 2019-cu ildən sonrakı müddətdə də işləyəcəyi barəsində danışmağa başlayıb.(Deutsche Welle)


Şərhlər