Avtomobil idxalı get-gedə azalır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2015-ci ilin Yanvar-İyun ayları ərzində Azərbaycana 17 640 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur. Bu da, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 719 ədəd və ya 48,6% azdır. Qeyd edək ki, 2014-cü ilin ilk 6 ayında 34 359 ədəd avtomobil idxal olunmuşdu.
2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında 3421 ədəd, Martda 2524 ədəd, Apreldə 2855 ədəd, Mayda 2605 ədəd, İyunda 2145 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.
2015-ci ilin Yanvar-İyun ayları ərzində 590 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 15 745 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 126 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 179 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.
Minik avtomobillərinin idxalında vəziyyət daha pisdir, bu avtomobil biznesinin tənəzzüldə olduğuna işarə edir. Belə ki, 2015-ci ilin Yanvar-İyun aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 15172 ədəd və ya 49,1% azalıb.
2015-ci ilin Yanvar ayında 3870, Fevral ayında 3161 ədəd, Mart ayında 2225 ədəd, Apreldə 2484 ədəd, Mayda isə 2172 ədəd, İyunda 1833 ədəd minik avtomobili idxal olunub.
Qeyd edək ki, nəqliyyat vasitələrinin idxalının daha böyük nisbətdə azalmasının qarşısını Birinci Avropa Oyunları ilə əlaqədar avtobusların idxalının artması alıb. Ötən ilin eyni dövrü ilə müqayisədə avtobus idxalı 423 ədəd və ya 3,3 dəfə artaraq 590 ədəd təşkil edib.
Keçən ilin ilk 6 ayı ilə müqayisədə yük avtomobillərin idxalı 2,7 dəfə azalıb. Əgər 2014-cü ilin Yanvar – İyun aylarında 3 039 ədəd yük avtomobili idxal olunmuşdusa, bu ilin 6 ayında cəmi 1126 ədəd yük avtomobili idxal olunub.
Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi və aksiz vergisinin dərəcələrinin artırılması ilə bağlıdır.
Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104385, 2014-cü ildə 63368 ədəd avtomobil idxal olunmuşdur. Bu il avtomobil idxalının ötən illə müqayisədə təxminən 2 dəfə azalaraq 30 min ədəd civarında olacağı gözlənilir. /“Marja”


Şərhlər