Xarici KİV-in yaydığı xəbərə görə, ABŞ-da 26-cı «Dostluq kanvanı» Kuba üçün 10 tondan artıq humanitar yardım toplayıb. Karvan iştirakçıları cümə günü axşam bu Karib ölkəsinə gəliblər. İyulun 18-də yerli KİV-lər xəbər veriblər ki, bu xeyriyyə tədbiri «Pastorlar sülh uğrunda» dinlərarası təşkilat tərəfindən təşkil olunub. Təşkilat Kubaya qarşı ABŞ embarqosunun aradan qaldırılmasına çalışır (TASS).
Humanitar yükün böyük hissəsi məktəb ləvazımatından, dərmanlardan, rentgen avadanlıqlarından, idman inventarından və kompüterlərdən ibarətdir. Üç avtobus və bir yük maşını isə ayrıca bənd altında qeyd olunub.
Amerika təşkilatının rəhbərindən biri olan Geyl Uolker Kuba paytaxtına gələrkən deyib ki, Birləşmiş Ştatlar tərəfindən adaya tətbiq olunmuş iqtisadi, ticari və maliyyə blokadası siyasəti «ədalətsiz və qüsurludur». «Biz, blokadanı uçuruma itələyib salmayınca, əllərimizi sallayıb otura bilmərik» - deyə, Uolker qeyd edib.
«Dostluq karvanı» yolüstü ABŞ-ın 40 ştatında olub. Bu zaman, Amerikanın 50-dən çox şəhərinə yürüş zamanı təşkilatın fəalları dezinformasiyaları aradan qaldırmaq məqsədilə, vətəndaşlara Kuba haqqında həqiqətlərdən danışıblar: «Biz artıq Amerika təşkilatı yox, beynəlmiləl təşkilatıq, çünki bizə Puerto-Rikodan, Haitidən, İspaniyadan, Almaniyadan, Meksikadan, Kanadadan və digər ölkələrdən olan dostlarımız da kömək edirlər» - deyə, təşkilat fəalı əlavə edib.
Məlumat üçün bildirək ki, «Pastorlar sülh uğrunda» təşkilatı ABŞ administrasiyasının qadağasına baxmayaraq, Azadlıq Adasına 1992-ci ildən humanitar yardım gətirir.
AzPolitika.info


Şərhlər