Moskvanın Lyublinsk rayon məhkəməsi Rusiya İstehlak Nəzarətinin (“Rospotrebnadzor”) azərbaycanlı milyarderlərə məxsus “Sadovod” bazarının bağlanmasına dair iddiasına baxıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə bazarın bağlanması barədə iddianı təmin etməyib, ancaq yol verilən pozuntulara görə “Sadovod”u 250 min rubl məbləğində cərimələyib.

Yanvarın 14-də “Rospotrebnadzor” və polis bazarda qəfil yoxlama aparmışdı və çoxsaylı pozuntular, o cümlədən saxta malların satışı, sanitar normaların və təhlükəsizlik qaydalarının pozulmasını aşkarlanmışdı. Tərtib olunan protokollar əsasında bazarın fəaliyyətinin dayandırılması barədə məhkəməyə iddia verilib. “Rospotrebnadzor” elan edib ki, bazar bağlanır və onun qapıları möhürlənib. Bununla belə “Sadovod”un administratorluğu bazarın fəaliyyətini adi qaydada davam etdirdiyini açıqlamışdı.

“Sadovod” bazarının sahibləri Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu olan İlham Rəhimov və Qubadan olan yəhudi milyarderlər Zarah İliyevlə Qod Nisanovdur. Ötən ilin payızından etibarən bazarda müntəzəm olaraq reydlər keçirilir. Moskva meriyası “Sadovod”un sökülməsi və yerində müasir ticarət kompleksinin tikintisi haqda qərar çıxarıb. Bununla belə bazarın sahibləri onu sökməyə hələ tələsmir.