Menu

Qənimət Zahidin qardaşı oğulları tutulub

20.07.2015, 16:48
Qənimət Zahidin qardaşı oğulları tutulub

Qeyri-iş günü olduğundan DİN məsələ ilə bağlı açıqlama vermir

“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” verilişinin müəllifi, hazırda Fransada mühacir həyatı yaşayan Qənimət Zahidin daha bir qardaşı oğlu polis tərəfindən saxlanıb. Rüfət Zahidovu iyulun 20-də Yasamal rayonunda işlədiyi şirkətdən aparıblar.

Bu barədə AzadlıqRadiosuna onun atası Fərasət Zahidov məlumat verib: “3 gündür ki, evimiz nəzarət altında idi. Gözətçi qoyulmuşdu ki, görsünlər bizə kim gəlib-gedir. Halbuki heç gəlib-gedənimiz yoxdur. İndi telefonuna zəng edirəm, zəng çatmır. İş yoldaşları öyrənib ki, hazırda Narkotiklərlə Mübarizə İdarəsindədir, biz də ora gedirik”.

Bir neçə gün öncə - iyulun 18-də Qənimət Zahidin Şamaxının Meysəri kəndində yaşayan başqa bir qardaşı oğlu – Tural Zahidov da saxlanaraq Şamaxı polisinə aparılıb. O, polis əməkdaşını təhqir etməkdə suçlanaraq 30 sutka həbs cəzası alıb. Qənimət Zahid AzadlıqRadiosuna açıqlamasında baş verənlərin “Azərbaycan saatı” ilə bağlı olduğundan əminliyini bildirib: “Şübhə etmirəm ki, bu həbs və təqiblər “Azərbaycan saatı” ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, “Azərbaycan saatı” getdikcə populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”.

Həbs olunanların yaxın daha bir doğması - Mirzə Sakit də “Yeni Müsavat”ın redaksiyasına baş verənlərlə bağlı narahatlıqlarını çatdırıb.

“Yeni Müsavat” mühacirətdə olan baş redaktorun yaxınlarının həbsinin səbəbini öyrənmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, qeyri-iş günü olduğundan rəsmi mövqe açıqlaya bilmirlər.

musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol