Türkiyə Suriya ilə sərhəddə təhlükəsizliyi gücləndirəcəyni deyir. Bir gün öncə kamikadzenin törətdiyi partlayışda azı 32 nəfər həlak olub.
İyulun 20-də Türkiyənin cənubşərqində Suruç şəhərindəki mədəniyyət mərkəzində partlayış törədilib. Bir qrup kürd fəal qonşu Suriyanın Kobani şəhərinin yenidənqurma planlarına dair mətbuat konfransı keçirirdi.
Kobanidə İslam Dövləti (İD) yaraqlıları ilə kürd döyüşçüləri arasında ağır döyüşlər gedir.
Baş nazir Ahmet Davutoglu bildirib ki, ilkin tapıntılar hücumun İD-nin əməli olduğunu göstərir. Onun sözlərinə görə, Türkiyə “İD-ə qarşı bütün vacib tədbirləri görməkdə davam edəcək”.
“Suriya sərhədimizdə tədbirlər gücləndiriləcək,” Davutoglu deyib.
İstanbulda polis kürd etirazçıların nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnağından və rezin güllələrdən istifadə edib. Kürdlər hücuma görə Türkiyə hökumətini ittiham edirdi.


Şərhlər