Ukrayna prezidenti Petro Poroşenkoya məxsus, Lipetsk şəhərində yerləşən "Roshen" şirniyyat fabriki Rusiya Federal Vergilər Xidmətinə (FVX) qarşı məhkəmə prosesini qazanıb.
Məlumata əsasən, vilayətin Arbitraj məhkəməsi müəssisəyə 35 milyon rubl (təqribən 70 000 dollar) həcmində cərimə kəsmək barədə qərarı qeyri-qanuni tanıyıb.
Məhkəmə həmçinin farbrikə 26 milyon (51 000 dollar) rub məbləğində ƏDV vergisinin qaytarılmaması barədə qərarı ləğv edib.
Məhkəmənin belə bir nəticəyə gəlməsinin səbəbləri naməlum qalır. Hökmün əsaslandırılması bir qədər sonra təqdim olunmalıdır.
Tərəflər bir ay ərzində qərara qarşı apellyasiya şikayətilə çıxış edə bilərlər.
FVX-dən başqa Roshen fabrikinə Rusiyanın İstintaq Komitəsi də irad tutub.
İddia edilir ki, Roshen şirkəti 2012-2013-cü illərdə müəyyən sxem yolu ilə Rusiya büdcəsindən 180 milyon rubl məbləğində vəsait mənimsəyib. Вundan sonra müəssisədə axtarışlar aparılıb, Roshen-ə qarşı cinayət işi açılıb və şirkətin 2 milyard rubla yaxın mülkünə məhkəmə həbsi qoyulub.
İyun ayında Petro Poroşenko maraqlar münaqişəsindən yayınmaq üçün öz biznesini satacağını bəyan etmişdi. /BBC


Şərhlər