Avqustun birində AZAL-ın qüvvədə olan tariflərindən ən aşağısı 238,86 avro, ən bahalısı 468,68 avro olacaq.
Bunu “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Arif Məmmədov jurnalistlərə açıqlamasında deyib.
“Əvvəllər ən aşağı qiymət 278, ən bahalı isə 504 avro idi. Ancaq indi 468 avro oldu. Ən bahalı biletlərdə də müəyyən endirim var", - deyə vitse-prezident qeyd edib.
AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev isə bildirib ki, “Azərbaycan Hava Yolları”nda biletlərin avroyla satılması birbaşa AZAL-ın qərarı deyil.
Onun sözlərinə görə, 2006-cı ildə İATA tərəfindən Azərbaycan bir dövlət olaraq aviaşirkətlər arasında avrozonaya daxil edilib: "Yəni həmin ilə qədər Azərbaycanda təyyarə biletləri dollarla satılırdı, 2006-cı ildən sonra qəbul olunmuş qərarla Azərbaycan Rusiya, Türkiyə kimi bir çox ölkələrlə bərabər, avro məkanına daxil olundu. Türkiyə son iki ay ərzində öz xahişi ilə avro məkanından çıxıb yenidən dollar məkanına qayıdıb, ona görə də bizim imkanımız məhduddur və biz manatla heç cür bilet sata bilmərik”.
Eldar Hacıyev aşağı xərcli xəttlərin istifadəyə veriləcəyini qeyd edərək bildirib ki, sərnişinlər bu xətlər üzrə təyyarəyə ancaq əl yükü götürə biləcəklər: "Əl yükü yalnız 5 kq çəkidə ola bilər, hər bir baqaj üçün Azərbaycandan 50 manat, xarici ölkədən 50 dollar ödəməklə götürülə bilər. 99 avro 2.5 saat gediş və 2.5 saat dönüş vaxtına malik reyslərə aiddir. Gələcəkdə Avropanın hansısa şəhərlərinə aşağı qiymətli uçuşlar təşkil etmək üçün hazırda “Azərbaycan Hava Yollarının” təyyarələri yoxdur, çünki aşağı büdcəli uçuşlar üçün tam “biznes sinif” sinifli təyyarələr lazımdır, məsələn, “Airbus 120”, “Boeing 737” modelli təyyarələr olmalıdır".
Direktor həmçinin qeyd edib ki, “Azərbaycan Hava Yolları”nın bütün istiqamətlərində 4 satış sinfi olacaq: "Daha tez bilet alanlar daha ucuz bilet almaq imkanına malik olacaqlar. Ucuz biletin öz problemləri də var, geri qaytarmaq imkanı olmayacaq". /Report


Şərhlər