Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 milyard 54 milyon manat, büdcə xərcləri isə 4 milyard 042,1 milyon manat təşkil edib. Bu barədə fins.az-a Fonddan bildirilib.
6 ay ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat, tranzit gəlirləri 5,7 milyon manat, vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər isə 241,9 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 8 milyard 013,4 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 17,2 milyon manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 5,9 milyon mana, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. Fondun idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib.
1 iyul 2015-ci il tarixinə Fondun aktivləri ilin əvvəli ilə müqayisədə 3,56% azalaraq 35 milyard 783,3 milyon ABŞ dollarına bərabər olub.


Şərhlər