Menu

“Qəbələ” tarix yazdı!

23.07.2015, 23:24
“Qəbələ” tarix yazdı!

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” avrokuboklarda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, əyalət klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Serbiya “Çukariçki” ilə qarşılaşıb.

İlk oyunda səfərdə rəqibinə minimal hesablı məğlub olmuş “qırmızı-qaralar” bu dəfə yenilginin əvəzini layiqincə çıxa bilib.

Oyuna fəal başlayan təmsilçimiz ilk hissənin sonlarına yaxın hesabı aça bilib. Estoniyalı futbolçu Sergey Zenyov fərqlənib.

İkinci hissəyə də aqressiv başlayan Roman Qriqorçukun yetirmələri 53-cü dəqiqədə Zenyovun dublu ilə fərqi iki topa çatdırıblar.

Oyunda başqa qol olmayıb.

Beləliklə, UEFA Avropa Liqasında III mərhələyə yüksələn "Qəbələ" tarixində ilkə imza atıb.

“Stadionda təkcə “Qəbələ”nin yox, ümumilikdə Azərbaycan futbolunun azarkeşlərini görmək xoşdu. Möhtəşəm atmosfer idi. Şadam ki, azarkeşlərə qələbə sevinci bəxş etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Çukariçki”yə 2:0 hesabı ilə qalib gələn “Qəbələ” növbəti mərhələyə adlayıb.

Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk qələbəni belə şərh edib: “Çox həyəcanlı idim. Azarkeşlərin etimadını doğrultmaq üçün narahatlıq keçirirdim. Əsas odu ki, bunu bacardıq”.

“120 dəqiqəlik oyuna hazır idik. Amma belə bir açıq oyuna hazır deyildik. “Qəbələ”nin bu cür oynayacağını gözləmirdik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Serbiyanın “Çukariçki” komandasının baş məşqçisi Vladan Miloyeviç deyib.

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda “Qəbələ” ilə cavab oyununa çıxan serblər 0:2 hesabı ilə uduzublar. Bu nəticədən sonra “Çukariçki” AL-də mübarizəni dayandırıb.

Matçdan sonra mətbuat konfransı keçirən qonaq komandanın çalışdırıcısı məğlubiyyəti belə şərh edib:“Biz Bakıya 1 qol vurmaq üçün gəlmişdik. İşimizin rahat olması üçün bu qolu axtarırdıq. Əfsuslar olsun ki, istəyimizə çatmadıq. Əgər qol şanslarımızı istifadə edə bilsəydik, oyunu qələbə ilə bitirə bilərdik. Rəqib hər 2 qolu sırf oyunçularının fərdi, peşəkarlıq səviyyəsinin hesabına vurdu. Bir daha göründü ki, heç bir səhv bağışlanmır. Bəxt bizim üzümüzə gülmədi, buna görə də mərhələni dayandırdıq. “Qəbələ”ni təbrik edirəm, öz oyunçularımı da yaxşı oyun münasibətilə təbrik edirəm”.

Qonaqların baş məşqçisi bildirib ki, “Qəbələ”nin heyətində yaxşı oyunçular çoxdu: “Rəqibin heyətində bir oyunçunu fərqləndirmək istəməzdim. “Qəbələ” ümumilikdə yaxşı komandadı, heyətində güclü futbolçular çoxdu”.

Miloyeviç “Qəbələ”nin növbəti mərhələdəki şansını da dəyərləndirib: “Apollon” komandasının heyətindən məlumatlı deyiləm. Amma güclü əcnəbi oyunçularının olduğunu bilirəm. Bəxt kimin üzünə güləcəksə, o da sevinən tərəf olacaq. Onu da qeyd edim ki, Serbiya çempionatının ilk turunda derbi oyunu keçirdik. 40 dərəcə istidə oynadıq, çətin matç keçdi. Yol yorğunluğunun da məğlubiyyətimizə təsiri oldu”.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

23 iyul

"Qəbələ" (AZƏRBAYCAN) - "Çukariçki" (Serbiya) - 2:0

Qol: Sergey Zenyov, 39, 53

Baş hakim: Radek Prjixoda

Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski

Dördüncü hakim: Pavel Orel (hamısı Çexiya)

UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə)

UEFA nümayəndəsi: Per Svard (İsveç)

Bakı. “Bakcell Arena” stadionu

İlk oyun – 0:1

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 3. Stankoviç, 44. Rafael Santos, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 8. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 10. Dodo

Baş məşqçi: Roman Qriqorçuk

“Çukariçki”: 12. Nemanya Stevanoviç, 22. Filip Stoykoviç, 23. Boyan Ostoyiç, 4. Lukas Pyasentin, 31. Rayko Brejançiç, 6. Draqolyub Srniç, 8. Branislav Yankoviç, 24. Petar Boyiç, 9.Stoylkoviç, 14. Slavolyub Srniç, 11. Andriya Pavloviç

Ehtiyat oyunçular: 1. Nikola Petriç, 5. Marko Ranceloviç, 20. Reqan Obeng, 10. Matiç, 7. Stanişa Mandiç, 19. Saşa Yovanoviç, 30. Nenad Mirosavlyeviç

Baş məşqçi: Vladan Miloyeviç

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol