Rusiya KİV-nin yaydığı xəbərə görə, Rusiyada ərzaq məhsullarının istehlak qiymətləri 2015-ci ilin iyun ayında may ayına nisbətdə 0,8 faiz düşsə də, ilin əvvəlindən 2014-cü ilin dekabrı ilə müqayisədə 11,2 faiz yüksəlib (Rosbalt).
Avropa İttifaqı ölkələrində ərzaq məhsullarının qiyməti ötən ayda ortalama, 0,5 faiz enib, yanvar-iyun ayları ərzində isə 0,7 faiz yüksəlib. Bu rəqəmlər Rusiya Federasiyası statistika xidmətinin (Rosstat) hesabatında yer alıb.
İdarənin məlumatına görə, iyun ayında Avropa İttifaqı ölkələrinin əksəriyyətində ərzaq məhsullarının istehlak qiymətləri düşüb. Bu zaman, ucuzlaşma daha çox Rumıniyada (8,3 faiz), Bolqarıstanda (2,4 faiz), Kiprdə, Litvada və Latviyada (1,2-1,9 faiz) müşahidə olunub.
Bununla yanaşı, ayrı-ayrı ölkələrdə ərzaq məhsullarının qiymətlərində yüksəlmə qeydə alınıb. Bahalaşma daha çox Danimarka və İspaniyada müşahidə olunub - uyğun olaraq, 1,1 və 0,6 faiz (bundan əvvəlki aya nisbətən).
May ayı ilə müqayisədə iyun ayında (2015) Avropa İttifaqında tərəvəzin, süd məhsullarının, pendir və yumurtanın, ət və piylərin, şəkər, cem, bal, şokolad və konfetlərin qiymətlərində əhəmiyyətli eniş müşahidə olunub.
Rusiyada iyun ayında müşahidə altına alınmış ərzaq məhsulları arasında şəkərin, cemin, balın, şokolad və konfetlərin qiymətləri daha çox qalxıb - 0,7 faiz (Avropa İttifaqı ölkələrində bu ərzaqların qiymətləri ortalama, 0,6 faiz enib).
AzPolitika.info


Şərhlər