Türkiyə hökuməti son həftələrdə ölkənin 22 əyalətində həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində terrorçuluq fəaliyyətində və ya ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən təxminən 600 nəfəri saxlayıb.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə ölkə baş naziri Əhməd Davudoğlu məlumat verib: “Biz İŞİD terror təşkilatı və Kürd Fəhlə Partiyasına qarşı fəaliyyət üçün bütün lazımi tədbirləri görmək niyyətindəyik.
Ötən gecə polis və jandarm terrorizmdə şübhəli bilinən 288 nəfəri saxlayıb. Saxlanılanların ümumi sayı 590-a çatıb.”
Davudoğlu ölkədə Parlament seçkilərinin keçirildiyi 7 iyun tarixindən indiyədək 212 silahlı hücuma, 15 nəfərin oğurlanmasına, 281 terror aktının törədilməsinə, təhlükəsizlik qüvvələrinin beş əməkdaşının həlak olmasına diqqət yönəldib.
Ötən gecə Suriya və Şimali İraqda İŞİD və Kürd Fəhlə Partiyasına qarşı həyata keçirilən əməliyyat barədə danışan Ə.Davudoğlu bildirib ki, “bu, tək-tək endirilən zərbələr yox, müvafiq prosesin başlanğıcıdır”.
Ə.Davudoğlunun mətbuat xidmətindən verilən məlumata görə, ölkə baş naziri İraq Kürdüstanının lideri Məsud Bərzani ilə telefon danışığı zamanı qeyd edib ki, “respublika qanun çərçivəsində fəaliyyət göstərib”.


Şərhlər